Saturday, 18 Sentyabr 2021 23:17
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
AMEA-da iki yeni mərkəz yaradılır

AMEA-da iki yeni mərkəz yaradılır

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunmuş onlayn ümumi yığıncağında bir sıra elmi-təşkilati məsələlərə baxılıb.

Akademiyadan YAZTV-ə bildirilib ki, iclasda AMEA Rəyasət Heyətinin nəzdində Sərbəst Elektron Resurslar Mərkəzinin və AMEA-nın Quba Regional Elmi Mərkəzinin yaradılması, eləcə də Fəlsəfə İnstitutunun adının dəyişdirilərək Fəlsəfə və Sosiologiya İnstitutu adlandırılması məsələləri müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.

"Dərs vaxtı" verilişinin sabahkı cədvəli müəyyənləşdirilib

"Dərs vaxtı" verilişinin sabahkı cədvəli müəyyənləşdirilib

"Mədəniyyət" və "ARB Günəş" kanallarında yayımlanan "Dərs vaxtı" verilişinin iyunun 11-nə nəzərdə tutulan cədvəli müəyyənləşdirilib.

Təhsil Nazirliyindən YAZTV-ə verilən məlumata görə, nazirlik dərs cədvəlinə diqqət etməyi, dərsi "Dərs vaxtı"nda öyrənməyi tövsiyə edir.

Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Mədəniyyət" və "ARB Günəş" kanallarında "Dərs vaxtı" proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur.

Təhsil Nazirliyi sosial baxımdan həssas tələbələrə müraciət edib

Təhsil Nazirliyi sosial baxımdan həssas tələbələrə müraciət edib

Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı http://e-telebe.edu.az elektron portalı vasitəsilə müraciətlərinin qəbulu davam edir.

Bu barədə YAZTV-ə Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, proses iyunun 10-da yekunlaşacaq. İyunun 8-dən etibarən tələbələrin şəxsi elektron kabinetlərinə müraciətlərin nəticələri barədə ilkin məlumat yerləşdirilir və bu barədə namizədlərə SMS bildirişləri göndərilir. Eyni zamanda, Təhsil Nazirliyinin bütün ali və orta ixtisas təhsili müəssisələrinə verdiyi tapşırığa əsasən, e-telebe.edu.az portalında müraciətləri təsdiqlənmiş və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi barədə yekun qərar qəbul olunanadək onların yaz imtahan sessiyasına buraxılması tam təmin edilir.

Bu günədək elektron portalda bakalavriat səviyyəsində təhsil alan 18 252 nəfər, magistratura səviyyəsində təhsil alan 1061 nəfər, ümumi orta təhsil bazasından orta ixtisas təhsili alan 2 547 nəfər, tam orta təhsil bazasından orta ixtisas təhsili alan 1 939 nəfər və peşə təhsili pilləsində təhsil alan 424 nəfər öz ərizələrini təsdiq edib.

Eyni zamanda portala inteqrasiya olunmuş dövlət informasiya sistemlərinin məlumatına əsasən, qeyd edilən kateqoriyalara aid olan tələbələrin bir qismi

http://e-telebe.edu.az vasitəsilə bu günədək rəsmi müraciət etməyib və onların bu imkandan yararlanması tövsiyə edilir.

Ali təhsil müəssisələrinə subbakalavrların ərizə qəbulu davam edir

Ali təhsil müəssisələrinə subbakalavrların ərizə qəbulu davam edir

Ali təhsil müəssisələrinə subbakalavrların iyunun 1-dən başlanan ərizə qəbulu davam edir.

Dövlət İmtahan Mərkəzindən (DİM) YAZTV-ə bildirilib ki, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı subbakalavrların ərizələrinin qəbulu iyulun 10-dək internet vasitəsilə aparılır. Subbakalavrlar internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə daxil olub, “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər. Bu gün saat 11:55-ə olan məlumata görə, 7379 subbakalavr elektron ərizəsini təsdiqlədib.

Xatırladaq ki, subbakalavra aid təhsil məlumatları “Tələbə-Məzun” dövlət elektron məlumat sistemindən avtomatik əldə olunur. Bu məlumatları tam olmayan subbakalavrlar elektron ərizəsini təsdiq etmək üçün ötən ildən fərqli olaraq məzunu olduqları orta ixtisas təhsili müəssisələrinə getmirlər. Subbakalavr elektron ərizəsinə daxil olub “yadda saxla” düyməsini basdıqdan sonra bitirdiyi orta ixtisas təhsili müəssisəsinə avtomatik elektron sorğu göndəriləcək. Tələb olunan məlumatlar orta ixtisas təhsili müəssisəsinin məsul şəxsləri tərəfindən sistemə yerləşdirildikdən sonra subbakalavra SMS xəbərdarlıq göndəriləcək. Təhsil müəssisələri sistemə daxil edilmiş bu məlumatların həqiqiliyinə görə məsuliyyət daşıyır. Qeyd olunan tarixlərdə ərizəsini təsdiq etməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar.

Subbakalavr “Şəxsi kabinet”ində qeyd olunan mobil telefon nömrəsi özünə məxsus deyilsə və ya nömrə dəyişilibsə, “Əlaqə məlumatları” bölməsində mobil telefon nömrəsində düzəliş etməlidir. SMS xəbərdarlıq aldıqdan sonra subbakalavr elektron ərizəsinə daxil olub onu təsdiq etməlidir.

“Sağlam təhsil-sağlam millət” layihəsi növbəti tədris ilində də davam etdiriləcək

“Sağlam təhsil-sağlam millət” layihəsi növbəti tədris ilində də davam etdiriləcək

Təhsil naziri Ceyhun Bayramov 2020-2021-ci tədris ilində ümumi təhsil müəssisələrində “Sağlam təhsil-sağlam millət” layihəsinin davamlılığının təmin edilməsi məqsədilə əmr imzalayıb. 

YAZTV Təhsil Nazirliyinə istinadla bildirir ki, əmrə əsasən, növbəti tədris ilində 34 ümumi təhsil müəssisəsinin 49 birinci sinfinə layihə çərçivəsində qəbul həyata keçiriləcək. Sağlam təhsil texnologiyaları tətbiq edilən bütün ümumi təhsil müəssisələrində  məktəbəhazırlıq qrupları təşkil ediləcək və bu qruplara da qəbul aparılacaq.

Həmçinin sağlam təhsil texnologiyalarının tətbiq olunduğu birinci siniflərin müəllimlərinin təlim məşğələlərinə və digər maarifləndirmə tədbirlərinə cəlbi, bu texnologiyaların mahiyyəti, məqsəd və vəzifələri ilə bağlı valideynlərlə davamlı maarifləndirmə işlərinin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, 2014-2015-ci ilin tədris ilindən etibarən Bakı və Sumqayıt şəhərlərinin 6 tam orta məktəbinin 15 birinci sinfində təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi məqsədilə “Sağlam təhsil–sağlam millət” layihəsinin tətbiqinə başlanılıb. Hazırda 39 məktəbin 183 ibtidai sinfi “Sağlam təhsil” texnologiyaları əsasında təmir və təchiz edilib. Layihənin tətbiq olunduğu  məktəblərdə aparılan tibbi, psixoloji, sosioloji, pedaqoji monitorinqlərin nəticələri göstərib ki, sağlam təhsil texnologiyaları təhsil alanların fiziki-psixi inkişafına, təlim nailiyyətlərinin yüksəldilməsinə, emosional-psixoloji vəziyyətinin yaxşılaşmasına səmərəli şərait yaradır.

Ali məktəblərə sənəd qəbulu başa çatır

Ali məktəblərə sənəd qəbulu başa çatır

Bu gün 2020/2021-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başa çatır.

Dövlət İmtahan Mərkəzindən YAZTV-ə verilən məlumata görə, mayın 12-dən başlanan sənəd qəbulu iyunun 9-da saat 23:59-da başa çatacaq.

Qeyd edək ki, ali təhsil müəssisələrinə indiyədək ərizə verən abituriyentlərin sayı 89853-dür. I-IV qrup üzrə 72056 abituriyent ərizə verib. Onlardan 65964-ü Azərbaycan, 6092-si rus bölməsindəndir.

I qrup üzrə indiyə qədər 30578 (28081 nəfər Azərbaycan, 2497 nəfər rus bölməsi), II qrup üzrə 13997 (12638 nəfər Azərbaycan, 1359 nəfər rus bölməsi), III qrup üzrə 22372 (20789 nəfər Azərbaycan, 1583 nəfər rus bölməsi), IV qrup üzrə 5109 (4456 nəfər Azərbaycan, 653 nəfər rus bölməsi) nəfər ali məktəblərə sənəd verib.

V qrup üzrə qeydiyyatdan keçənlərin sayı ümumilikdə 56835 nəfərdir, onlardan 53143 nəfəri Azərbaycan, 3692-si isə rus bölməsidir.

Tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə indiyə qədər ərizə verən şagirdlərin sayı 59753 nəfərdir. Onlardan 56850 nəfəri Azərbaycan, 2903 nəfəri isə rus bölməsindən olan şagirdlərdir.

Bu gün Azərbaycanda buraxılış imtahanları keçiriləcək

Bu gün Azərbaycanda buraxılış imtahanları keçiriləcək

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları keçiriləcək.

YAZTV xəbər verir ki, imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn şəkildə təlim-seminarlar keçirilib. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.

Bundan əlavə, Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun olaraq imtahan binalarında bir sıra profilaktik tədbirlər (binaların və otaqların dezinfeksiyası, hər bir otağa düşən iştirakçı sayının sosial məsafə prinsipinə uyğun şəkildə tənzimlənməsi, imtahan heyətinin müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, tibbi maska) təmin olunması həyata keçirilib.

Respublikanın 39 şəhər və rayonunda:

9-cu sinif üzrə buraxılış imtahanları;

11-ci sinif üzrə buraxılış imtahanları;

Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanları;

Azərbaycan dilindən fərqli dildə təhsil alan 9-cu və 11-ci sinif cari və əvvəlki illərin məzunları üçün Azərbaycan dili (dövlət dili) imtahanları keçiriləcək.

İmtahanlarda fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli) 6 şagird də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, hər bir iştirakçının ehtiyacına uyğun tədbirlər görülməklə müxtəlif kitabçalar hazırlanıb, gözdən əlillər üçün fərdi nəzarətçilər, eşitmə əngəlli şagirdlər üçün isə surdopedaqoqlar təyin edilib.

İmtahanda iştirak edəcək şagirdlər (abituriyentlər) “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə iyunun 1-dən etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası” da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahanlar saat 11:00-da başlanacaq.

İmtahanların başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatacaq. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

Şagirdlər (abituriyentlər) imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- imtahana buraxılış vərəqəsini;

- şəxsiyyəti təsdiq edən sənədin əslini:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir)

- Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız).

Xatırladaq ki, imtahanlarının keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 197 imtahan binası, 3 284 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 197 ümumi imtahan rəhbəri, 538 imtahan rəhbəri, 4 266 nəzarətçi–müəllim, 393 buraxılışı təşkil edən əməkdaş, 197 bina nümayəndəsi ayrılıb.

İmtahanlarda 17 021 şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulur.

UNEC-də yeni ixtisaslar yaradılıb

UNEC-də yeni ixtisaslar yaradılıb

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bakalavriat səviyyəsi üzrə yeni ixtisaslar yaradılıb.

UNEC-dən YAZTV-ə verilən xəbərə görə, I qrup üzrə texniki və texnoloji ixtisaslarda 8 yeni ixtisas yaradılıb: “Kommunikasiya sistemləri mühəndisliyi”, “İnformasiya təhlükəsizliyi”, “Elektrik və elektronika mühəndisliyi”, “Maşın mühəndisliyi”, “Sənaye mühəndisliyi”, “Materiallar mühəndisliyi”, “Ekologiya mühəndisliyi”, “Kompüter elmləri”. Ümumilikdə isə I ixtisas qrupuna 10 ixtisas qrupu üzrə qəbul aparılacaq.

Qeyd edək ki, texniki və texnoloji ixtisaslar UNEC-də yeni yaradılan “Rəqəmsal iqtisadiyyat” və “Mühəndis iqtisadiyyatı” fakültələrində tədris olunacaq.

 

II ixtisas qrupunda isə “Beynəlxalq ticarət və logistika” ixtisası yeni açılıb. Bu ixtisasda tədris 4 dildə (azərbaycan, türk, rus, ingilis) olacaq. II ixtisas qrupu üzrə UNEC-də ümumilikdə 9 ixtisas üzrə qəbul aparılacaq.

2020/2021-ci tədris ilindən III ixtisas qrupu üzrə də UNEC-də qəbul aparılacaq. Abituriyentlər “Sosial iş” ixtisası üzrə UNEC-də təhsil ala biləcəklər.

Beləliklə UNEC-də I-V ixtisas qrupları üzrə qəbul həyata keçiriləcək.

Jurnalistika üzrə magistraturaya qeydiyyat uzadılıb

Jurnalistika üzrə magistraturaya qeydiyyat uzadılıb

Magistraturaya 44 saylı proqram üzrə qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyatın müddəti iyunun 10-u saat 10:00-dək uzadılıb.

Dövlət İmtahan Mərkəzindən YAZTV-ə verilən məlumata görə, jurnalistika üzrə 44 saylı proqrama aid magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən və bu ilin qəbul imtahanındakı nəticələri müsabiqə şərtini ödəyən bakalavrlar ixtisaslaşma seçimindən əvvəl mərkəzin internet saytında qeydiyyatdan keçməli və qabiliyyət imtahanı verməlidirlər.

Xatırladaq ki, qabiliyyət imtahanında iştirak ödənişlidir. Bakalavrlar qeydiyyatdan keçmək üçün Tarif (qiymət) Şurası tərəfindən xüsusi qabiliyyət tələb edən ixtisaslara tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanı üçün müəyyən olunan məbləği (30 AZN) şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər. Həmin məbləğ qeydiyyat zamanı bakalavrın “Şəxsi kabinet”inin "Hesab"ından çıxılır.

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanında 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və ixtisaslaşma seçiminə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün müraciət edə bilərlər. Müsabiqə şərtlərini ödəyən və magistratura səviyyəsinə jurnalistika ixtisaslaşmaları üzrə qəbul olmaq istəyən bakalavrlar 10 iyun saat 10:00-dək Mərkəzin internet saytının müvafiq səhifəsində sorğu anketini doldurmaqla qeydiyyatdan keçməli, 2020-ci il iyunun 10-da "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni çap edib götürməli və iyunun 11-dən 16-dək vərəqədə göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər. İmtahanın onlayn formada keçirilməsi nəzərdə tutulur.

Jurnalistika üzrə qabiliyyət imtahanında hər bir bakalavra təxminən 30 dəqiqə vaxt ayrılır. Hər bir bakalavr Qabiliyyət İmtahanı Komissiyası (QİK) qarşısında cavab verir. QİK üzvləri bakalavrın dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika üzrə yazılarını nəzərdən keçirir, onları təhlil edir və qiymətləndirir, imtahan verən hər bir bakalavrın ümumi dünyagörüş səviyyəsini, dünyada və ölkəmizdə cərəyan edən hadisələrdən və ictimai-siyasi proseslərdən xəbərdar olub-olmamasını, jurnalistikaya marağını, motivasiyasını, jurnalistika üzrə nəzəri biliklərini, KİV-lərlə tanışlığını, jurnalistikanın cəmiyyətdə rolunu başa düşməsini, jurnalistin peşə etikası qaydalarına bələdliyini və s. müəyyənləşdirmək məqsədi ilə təqdim edilmiş ədəbiyyat (mənbələr) çərçivəsində ona müvafiq suallar verirlər. Müsahibənin gedişində komissiya üzvləri bakalavrın maraq dairəsini, erudisiyasını və ümumi mədəniyyət səviyyəsini, KİV-lərdən xəbərdar olmasını, müasir publisistlərin yaradıcılığı ilə tanışlığını, seçdiyi peşənin xüsusiyyətlərini başa düşməsini, yaradıcı tapşırıqları cəld və orijinal şəkildə həll etmək bacarığını, həmçinin obyektiv reallığın hadisə və təzahürlərini qiymətləndirmədə müstəqil yaradıcı təfəkkür qabiliyyətini aşkara çıxaran əlavə suallar və yazılı tapşırıq (təhlil, redaktə, əməli yazı və s.) verə bilərlər. Şifahi sualları cavablandırarkən və ya yazılı tapşırıqları yerinə yetirərkən bakalavr intellektual səviyyəsini, dünyagörüşünü, jurnalistika sahəsində nəzəri və təcrübi biliklərini, ədəbi dili, dil və nitq normalarını bilməsini nümayiş etdirməlidir. Yalnız qabiliyyət imtahanından “məqbul” qiymət alan bakalavrlar ixtisaslaşma seçimi zamanı jurnalistika üzrə magistratura ixtisaslaşmalarını seçmək hüququ qazanacaqlar.

Jurnalistika üzrə qabiliyyət imtahanı haqqında ətraflı məlumat və həmin imtahanın proqramı “Magistr” jurnalının 2020-ci il tarixli 3‑cü sayında təqdim olunub. "Magistr" jurnalının 3-cü nömrəsinin elektron versiyasını (pdf formatında) günün ikinci yarısından etibarən DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar.

DİM qeydiyyatdan keçən bakalavrların nəzərinə bir daha çatdırır ki, onlar qeydiyyat prosesi başa çatanadək dövri mətbuatda çap olunmuş jurnalistika janrları üzrə 2-3 ədəd yazılarının skan edilən surətini, internet KİV-lərdə, radio və televiziyada yayımlanan çıxışlarının elektron variantını (yazısını); təqdim edilən materialların onlara məxsus olması ilə bağlı KİV-in məsul işçisi tərəfindən imzalanmış və təşkilatın möhürü ilə təsdiqlənmiş arayışın skan edilən surətini This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron poçt ünvanına göndərməlidirlər, əks halda, imtahana buraxılmayacaqlar.

Bakıda 19 mindən çox şagird məktəbi bitirir

Bakıda 19 mindən çox şagird məktəbi bitirir

2019-2020-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 30 888, XI siniflərini 19 612, XII siniflərini 124, xüsusi məktəblərin buraxılış siniflərini isə 323 nəfər bitirir.

İdarədən YAZTV-ə verilən məlumata görə, paytaxtda 45 573 nəfər I sinfi başa vurur.

Cari tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 440 426 şagird təhsil alıb.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə, 27 786 müəllim fəaliyyət göstərir.

2019-2020-ci tədris ilində paytaxt üzrə 268 ümumi təhsil məktəbində fəaliyyət göstərən 983 məktəbəhazırlıq qrupuna 25 832 uşaq cəlb olunub. Növbəti tədris ilində dövlət hesabına fəaliyyət göstərən məktəbəhazırlıq qruplarına cəlb ediləcək uşaqların ümumilikdə beşyaşlıların 90 faizini əhatə etməsi nəzərdə tutulur.

Qeyd edək ki, BŞTİ-nin tabeliyində 309 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 317 məktəb və 5 Uşaq-Gənclər İnkişaf Mərkəzi fəaliyyət göstərir.

Dövlət İmtahan Mərkəzi “Magistr” jurnalının 4-cü nömrəsini nəşr edib

Dövlət İmtahan Mərkəzi “Magistr” jurnalının 4-cü nömrəsini nəşr edib

Dövlət İmtahan Mərkəzi “Magistr” jurnalının 4-cü nömrəsini nəşr edib.

Mərkəzdən YAZTV-ə bildiriblər ki, jurnalın bu nömrəsində 2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul üçün ixtisaslaşma seçimi haqqında elan dərc edilib. Bu nömrədə, həmçinin “Bakalavrın elektron әrizәsi”ndә ixtisaslaşmaların seçimi və təsdiqi üçün təlimat, elektron ərizə formasının nümunəsi, müsabiqə şərtləri, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul aparılan ixtisaslaşmalar üzrə ümumi qəbul planı və dövlət sifarişi ilə qəbulun proqnozu təqdim olunub.

Bakalavrların nəzərinə çatdırılır ki, həm Azərbaycan, həm də rus bölməsi üzrə qəbul elanı və qəbul planı bir jurnalda – Azərbaycan dilində dərc edilib.

Jurnalı Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 və

Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanlarında yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

Bu həftə 42 mindən çox şagird buraxılış imtahanı verəcək

Bu həftə 42 mindən çox şagird buraxılış imtahanı verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 10 və 11-də respublikanın 39 şəhər və rayonunda ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları keçiriləcək.

Mərkəzdən YAZTV-ə verilən məlumata görə, hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn şəkildə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.

Bundan əlavə, Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun olaraq imtahan binalarında bir sıra profilaktik tədbirlər (binaların və otaqların dezinfeksiyası, hər bir otağa düşən iştirakçı sayının sosial məsafə prinsipinə uyğun şəkildə tənzimlənməsi, imtahan heyətinin müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, tibbi maska) təmin olunması həyata keçirilib.

Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə imtahan günündən 2 gün əvvəl də təkrar baxış keçiriləcək və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaqır.

İmtahan iştirakçıları imtahan binasına daxil olmaq üçün yoxlamadan keçərkən sosial məsafəni saxlamaqla şəxsiyyətini təsdiq edən sənədi, üst tərəfini DİM əməkdaşının görəcəyi şəkildə ona tərəf uzatmalı və müvəqqəti olaraq maskasını çıxardaraq üzünü göstərməlidir.

DİM tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun imtahanların keçirilməsi qaydaları ilə bağlı maarifləndirici videoçarx və davranış qaydaları ilə bir daha buradan tanış ola bilərsiniz.

Beləliklə, Dövlət İmtahan Mərkəzi iyunun 10-11-də 9-cu sinif üzrə buraxılış imtahanları, 11-ci sinif üzrə buraxılış imtahanları, ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanları, Azərbaycan dilindən fərqli dildə təhsil alan 9-cu və 11-ci sinif cari və əvvəlki illərin məzunları üçün Azərbaycan dili (dövlət dili) imtahanları keçiriləcək.

İmtahanlarda fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli) 6 şagird də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, hər bir iştirakçının ehtiyacına uyğun tədbirlər görülməklə müxtəlif kitabçalar hazırlanıb, gözdən əlillər üçün fərdi nəzarətçilər, eşitmə əngəlli şagirdlər üçün isə surdopedaqoqlar təyin edilib.

İmtahanda iştirak edəcək şagirdlər (abituriyentlər) “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə iyunun 1-dən etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası” da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahanlar saat 11:00-da başlanır.

İmtahanların başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

İmtahanlarının keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 197 imtahan binası, 3284 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 197 ümumi imtahan rəhbəri, 538 imtahan rəhbəri, 4266 nəzarətçi–müəllim, 393 buraxılışı təşkil edən əməkdaş, 197 bina nümayəndəsi ayrılıb.

İyunun 10-da keçiriləcək imtahanlarda 25597, iyunun 11-də keçiriləcək imtahanlarda isə 17021 nəfər olmaqla, ümumilikdə 42618 şagirdin (abituriyentin) imtahanlarda iştirakı nəzərdə tutulur.