Wednesday, 30 Noyabr 2022 10:57
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Dərslərin dayandırılması müddəti uzadıldı

Dərslərin dayandırılması müddəti uzadıldı

Azərbaycanda bütün təhsil müəssisələrində tədris, təlim tərbiyə prosesinin dayandırılması 31 may 2020-ci il tarixinədək uzadılır.

YAZTV xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

İmtahan verə bilməyənlər əsgərliyə aparılacaqmı?

İmtahan verə bilməyənlər əsgərliyə aparılacaqmı?

“Ali təhsil müəssisələrinin son kursunda təhsil alan tələbələr istehsal təcrübəsini başa çatdıra bilməyiblər”.

YazTV-nin verdiyi xəbərə görə, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

O bildirib ki, bununla bağlı bir sıra sahələrdə güzəşt tətbiq edilə bilər: “Tələbələrin 3 il yarımlıq müddətdəki göstərişləri nəzərə alınaraq güzəşt edilə bilər. Son kursda olan oğlan tələbələrin hərbi xidmətə çağırılmaması, ona güzəşt edilməsi ilə bağlı biz hökumət qarşısında məsələ qaldıracağıq. Hesab edirəm ki, bu məsələ müsbət həllini tapacaq”.

“Facebook” qrup halında videozənglər üçün yeni məhsul yaradıb

“Facebook” qrup halında videozənglər üçün yeni məhsul yaradıb

ABŞ-ın “Facebook” şirkəti qrup halında videozənglər üçün “Messenger Rooms” məhsulunu bazara çıxarmağa hazırlaşır.

YazTV-nin məlumatına görə, bu barədə şirkətin açıqlamasında bildirilir.

Yeni xidmətin hesabına istifadəçilər 50 nəfərdən ibarət video konfranslar keçirə biləcəklər. Bu cür video konfransları “Facebook” və yaxud “Messenger” vasitəsilə təşkil etmək mümkün olacaq. Bundan başqa, belə bir funksiyanın “Instagram”, “WhatsApp” və “Portal”a da əlavə edilməsi planlaşdırılır.

Yeni məhsul koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar məhdudiyyətlər fonunda videozənglərə tələbatın artmasına bir cavabdır.

“WhatsApp”da yenilik: Video zənglərlə 8 nəfər qoşula bilər

“WhatsApp”da yenilik: Video zənglərlə 8 nəfər qoşula bilər

“WhatsApp” messencerində iştirakçı sayı artırılan video zəng bütün istifadəçilər üçün əl çatan oldu.

YazTV xarici mətbauta istinadən xəbər verir ki, funksiya tətbiqin beta versiyasında test rejimində sınaqdan keçirilirdi. Ötən həftə aparılan sınaq müddəti başa çatıb. Artıq “WhatsApp”ın yeni funksiyasını “App Store”dən "2.20.141" bu versiyada yükləmək mümkündür.

Qeyd edək ki, yenilənməyə görə, artıq video zənglərlə 4 yox, 8 nəfər qoşula bilər.

Məktəblər açılacaq? - Nazirdən AÇIQLAMA

Məktəblər açılacaq? - Nazirdən AÇIQLAMA

“Dərslərin davam etdirilməsi ilə bağlı müxtəlif yanaşmalar var”.

YazTV-nin verdiyi xəbərə görə, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

O bildirib ki, bütün qərarlar insanların sağlamlığı nəzərə alınmaqla qərar veriləcək: “Bir məqam aydındır ki, start düyməsi basılmadan öncə Tədbirlər Planı qəbul ediləcək. Konkret tarix barədə danışmaq tezdir”

Məktəblər nə vaxt açılacaq? - Operativ qərargahdan CAVAB

Məktəblər nə vaxt açılacaq? - Operativ qərargahdan CAVAB

“Nazirlər Kabineti yanında Operativ Qərargahın qaydaları yumşaltmasından asılı olaraq, məktəblərdə tədrisin başlanması məsələsinə baxılacaq”.

YazTV-nin məlumatına görə, bunu Səhiyyə nazirinin müavini Viktor Qasımov Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfrasında bildirib.

 V.Qasımov Operativ Qərargahın aprelin 27-dən etibarən tətbiq edəcəyi yumşaltma qərarlarında fəaliyyətinə icazə verilən qrup halında məşğələlərdə 10 nəfərdən çox şəxsin iştirakının yolverilməz olduğunu bildirib.

 Nazir müavini qeyd edib ki, qarşıdakı epidemik göstəricilərdən asılı olaraq məktəblərdə tədrisin başlanması məsələsinə baxılacaq.

“Virtual məktəbdə” 650 min şagird və müəllim qeydiyyatdan keçib

“Virtual məktəbdə” 650 min şagird və müəllim qeydiyyatdan keçib

Təhsil Naziri Ceyhun Bayramov Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahda brifinq keçirib.

YazTV xəbər verir ki, brifinqdə nazir Ceyhun Bayramov koronavirus pandemiyası ilə əlaqədar olaraq təhsil sahəsində dövlət tərəfindən verilən qərarlardan, Təhsil Nazirliyi tərəfindən atılan addımlardan, həyata keçirilən layihələrdən danışıb.

Nazir diqqətə çatdırıb ki, mart ayının 3-də təhsil sektorunda fəaliyyətin dayandırılması ilə yaranan mövcud vəziyyətin mənfi təsirlərini aradan qaldırmaq üçün Təhsil Nazirliyi tərəfindən mühüm addımlar atılıb. Yaranmış boşluğu doldurmaq üçün “Mədəniyyət” kanalında teledərslərin yayımına start verilib. Teledərslər ilk olaraq Azərbaycan bölməsini əhatə edirdi, daha sonra rus bölməsinin və peşə təhsili dərslərinin yayımına başlandı. Hazırda təxminən 1 milyon 600 min şagird teledərslərdən yararlanmaq imkanına malikdir və aprelin 29-da teledərslərin 1000-ci buraxılışı efirdə yayımlanacaq.

Nazir məlumat verib ki, nazirliyin fəaliyyəti bununla yekunlaşmayıb. Aprelin 2-dən etibarən “Virtual məktəb” layihəsinə start verilib. Bu da şagirdlərə daha geniş məzmunun çatdırılmasına imkan yaradıb. “Virtual məktəb” layihəsi müəllim və şagirdlər arasında interaktiv ünsiyyətin formalaşmasına şərait yaradır. Hazırda “Virtual məktəbdə” 650 min şagird və müəllim qeydiyyatdan keçib.

Nazir bildirib ki, şagirdlər onlayn platformalar üzərindən yarışlarda, müsabiqələrdə, intellektual oyunlarda iştirak edirlər.

Pandemiya dövründə ali təhsil müəssisələrində təhsil distant formada həyata keçirilir. Ali məktəblərin bəzilərində distant təhsil artıq mövcud idi, 21 ali təhsil müəssisəsi isə Təhsil Nazirliyinin dəstəyi ilə distant təhsilə keçdi. Hazırda ölkədə müxtəlif onlayn platformalar vasitəsilə 95 minə qədər tələbə distant təhsildən yararlanır.

Təhsil Nazirliyi müəllimlərlə bağlı məlumat yaydı

Təhsil Nazirliyi müəllimlərlə bağlı məlumat yaydı

Müəllimlərin iş yerinin dəyişdirilməsi elektron qaydada həyata keçirildiyi üçün cari ildə müsabiqənin keçirilməsinə hər hansı maneə yoxdur. 

Təhsil Nazirliyindən YazTV-ə verilən məlumata görə, elan ediləcək tarixlərdə qeydiyyatdan keçən və elektron ərizəsini təsdiq edən namizədlər iş yerini dəyişmək imkanı əldə edə biləcəklər.  Nazirlikdən bildirilib ki, ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması müsabiqəsinə qeydiyyat başa çatmış, 1400 nəfərə yaxın namizədin elektron ərizəsi təsdiq edilmiş və bununla bağlı digər tədbirlər (elektron ərizələrdəki məlumatların emalı, müsahibə komissiyasının tərkibinin formalaşdırılması və təsdiqi) yekunlaşmışdır. 

Hazırda müsahibələrin test rejimində onlayn şəkildə təşkili ilə bağlı müzakirələr aparılır: "Bir qayda olaraq yay aylarında keçirilən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin təxirə salınmasına dair hazırda hər hansı bir qərar yoxdur. Müsabiqənin test imtahanı və müsahibə mərhələsinin təşkili ilə bağlı zəruri tədbirlər həyata keçirilir. Ölkədə olan sanitar-epidemioloji vəziyyətdən və bununla bağlı tətbiq ediləcək qaydalardan asılı olaraq müvafiq qərar qəbul ediləcək və bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək".

Ramiz Mehdiyev Prezidentə məktub yazdı

Ramiz Mehdiyev Prezidentə məktub yazdı

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Prezidenti akademik Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvləri adından Prezident İlham Əliyevə məktub göndərib.

YazTV Prezidentinin saytına istinadən xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri, möhtərəm cənab Prezident.

Müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişaf etdirilməsi sahəsində apardığınız ardıcıl və məqsədyönlü iş ölkəmizin və xalqımızın bütün maneələrdən uğurla keçməsini təmin etmiş, böyük inkişafa nail olmağa tam şərait yaratmışdır. İndiyə qədər müxtəlif vaxtlarda üzləşdiyimiz qlobal iqtisadi böhranlardan Azərbaycan Respublikasının minimum itkilərlə çıxaraq yenidən böyük inkişafa nail olması Sizin düşünülmüş siyasətinizin və vaxtında atdığınız addımların real nəticələridir.

Hazırda dünyanı bürümüş koronavirus pandemiyasından xalqımızı qorumaq üçün apardığınız müdrik siyasət və həyata keçirilən səmərəli tədbirlər müsbət nəticələr verir. Bu məsuliyyətli günlərdə Sizin rəhbərliyinizlə respublikamızda vaxtında görülən çoxşaxəli qabaqlayıcı tədbirlər ölkəmizdə yoluxma hallarının məhdudlaşdırılmasına təminat verir.

Eyni zamanda, koronavirus dövründə Türk Şurasının onlayn fövqəladə iclasını keçirməyiniz, dövlət başçıları ilə apardığınız müzakirələr və qəbul olunmuş bəyannamə qlobal pandemiya böhranından çıxmaq üçün beynəlxalq birliyə Sizin verdiyiniz mühüm töhfə və əsl nümunədir.

Sizin böyük uzaqgörənliyinizlə illərdən bəri səhiyyə sahəsində həyata keçirilmiş islahatlar bu gün pandemiya şəraitində bir çox problemlərin zamanında tam həll olunmasına şərait yaradır.

Ölkəmizdə özəl sektorun fəaliyyətinin dəstəklənməsi, iş yerlərinin qorunub saxlanılması, iqtisadiyyatın real sektorunun işinin davam etdirilməsinin təmin olunması xalqımıza böyük qayğının əməli ifadəsidir və postpandemiya dövrünün çağırışlarına tam cavab verir.

Azərbaycan alimləri koronavirus dövrünün proseslərini və hadisələrini diqqətlə izləyib təhlil etməyi və çıxış yolları haqqında proqnozlar hazırlamağı özlərinə borc bilirlər.

Cənab Prezident, Azərbaycan Milli Elmlər Akademiyasının kollektivi həmişə olduğu kimi, pandemiya dövründə də ölkəmizi və xalqımızı bu çətin imtahandan uğurla çıxaracağınıza ürəkdən inanır.

Bu böyük sınaq günlərində xalqımız qarşısında göstərdiyiniz böyük xidmətlərə görə Azərbaycan alimlərinin dərin minnətdarlığını Sizə çatdırmağı özümə borc bilirəm.

Sizə möhkəm cansağlığı və daha böyük uğurlar arzulayıram.

Dərin hörmətlə,

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin üzvləri adından akademik Ramiz Mehdiyev”.