Wednesday, 05 Oktyabr 2022 12:49
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
İki yeni tədqiqat universiteti yaradılacaq

İki yeni tədqiqat universiteti yaradılacaq

Azərbaycanda tədqiqat potensialı yüksək olan 2 universitetin bazasında 2 tədqiqat universiteti yaradılacaq.

YAZTV xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapıb.

Tədqiqat universitetlərinin yaradılmasına dair təkliflərin hazırlanması üçün Təhsil Nazirliyinə göstəriş verilib.

DİM 25 339 abituriyent üçün qəbul imtahanı keçirəcək

DİM 25 339 abituriyent üçün qəbul imtahanı keçirəcək

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 21-də I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları (II cəhd) keçiriləcək.

Mərkəzdən  bildirilib ki, imtahanlar saat 10:00 da başlanacaq.

Qeyd olunub ki, 25 339 abituriyentin imtahanlarda iştirakı nəzərdə tutulur.

İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunacaq.

İştirakçılar iyulun 14-dən etibarən Dövlət İmtahan Mərkəzinin saytında "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilirlər.

“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

Abituriyentlərin bir daha nəzərinə çatdırılır ki, imtahanlar saat 10:00‑da başlanacaq.

İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Kütləviliyin qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 110 imtahan binası, 1921 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 110 ümumi imtahan rəhbəri, 310 imtahan rəhbəri, 2392 nəzarətçi–müəllim, 269 buraxılış rejimi əməkdaşı, 110 bina nümayəndəsi ayrılıb.

İmtahanlarda I ixtisas qrupu üzrə 21277, IV ixtisas qrupu üzrə isə 4062 nəfər olmaqla, ümumilikdə 25339 abituriyentin iştirakı nəzərdə tutulur.

İmtahanlarda 23 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

Hazırda qeyd olunan şəhər və rayonlarda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilir, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə iyulun 20-də təkrar baxış keçiriləcək və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.

Magistraturaya qəbul olanların qeydiyyatı başlayıb

Magistraturaya qəbul olanların qeydiyyatı başlayıb

Ali təhsil pilləsinin magistratura səviyyəsinə sənəd qəbulu prosesinə başlanılıb.

YAZTV xəbər verir ki, müraciətçilər https://portal.edu.az/ portalında qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür. Eyni zamanda müraciət zamanı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan şəxslərə təhsil haqqından azad olunmaq və təhsil haqqı güzəşti əldə etmək üçün məlumatların təqdim edilməsi hissəsi də mövcuddur.

Elektron sistem üzrə qeydiyyat iyulun 25-i saat 12:00-da yekunlaşacaq.

Qeyd edək ki, müraciətlərin elektronlaşdırılması nəticəsində tələbələr təhsil müəssisəsinə getmədən qeydiyyat etməklə yanaşı, təhsil haqqını bank, poçt, eManat terminallarına yaxınlaşaraq nəğd şəkildə ödəyə bilərlər. Nəğdsiz ödəniş üçün tələbələr plastik kartla bankların mobil tətbiqləri, gpp.az və portal.edu.az vasitələrindən birini seçə bilər. Ödənişli əsaslarla qəbul olanlar təhsil haqqından azad olunmaq və təhsil haqqı güzəşti, dövlət sifarişli qəbul olanlar isə qanunvericiliyin imkan verdiyi çərçivədə müəyyən olunmuş təqaüdün iki mislindən az olmayaraq təqaüdün əldə edilməsi üçün müraciət və digər imkanlardan daha çevik və rahat faydalana biləcəklər.

Azərbaycanda hər il ali məktəblərə qəbul olunanların sayı 75 000 nəfərə çatdırılacaq

Azərbaycanda hər il ali məktəblərə qəbul olunanların sayı 75 000 nəfərə çatdırılacaq

Azərbaycanda 2026-cı ilə kimi ali təhsil müəsisələrinə qəbul olanların sayının hər il 75 000 nəfərə çatdırılması nəzərdə tutulub.

YAZTV xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapıb.

Sənəddə bildirilib ki, ali təhsilin əlçatanlığının və əhatəliliyinin, o cümlədən dövlət sifarişi yerlərinin sayının artırılması əsas fəailiyyət sırasındadır.

Bundan başqa, əmək bazarının tələblərinə cavab verən peşə təhsili tətbiq olunacaq, işəgötürənlər peşə təhsili sisteminə inteqrasiya ediləcəklər. Peşə təhsili sistemində maliyyələşmə və idarəetmə sistemi təkmilləşdiriləcək, təhsilverənlərin və idarəetmə heyətinin peşəkarlıq səviyyəsi artırılacaq. Nəticədə, peşə təhsili müəssisələrinə qəbul olan tələbələrin sayı əlavə olaraq 11 min nəfər artırılacaq.

MİQ suallarını hazırlayan müəllif məxfiliyi pozaraq hazırlıq mərkəzinə məlumat ötürüb

MİQ suallarını hazırlayan müəllif məxfiliyi pozaraq hazırlıq mərkəzinə məlumat ötürüb

Azərbaycan Respublika Təhsil İnstitutu (ARTİ) Müəllimlərin İşə Qəbulu müsabiqəsinin imtahan mərhələsində riyaziyyat fənni üzrə test tapşırıqlarına dair sosial mediada yayılan iddialarla bağlı araşdırma aparıb.

Bu barədə YAZTV ARTİ-dən məlumat verilib.

Qeyd olunub ki, həmin iddialarda iyulun 14-də keçirilən riyaziyyat fənni üzrə imtahanda istifadə edilən 3 sualın bundan əvvəl bəzi namizədlərə videoformatda izah edilməsi əks olunur:

"ARTİ beynəlxalq təcrübəyə uyğun olaraq test bankına daxil edilməsi üçün fənn mütəxəssislərinə orijinal sualların hazırlanması sifarişini verir. Sualların (və ya onların analoqlarının) məxfiliyinin qorunmasına, üçüncü tərəflə paylaşılmamasına və müəlliflər tərəfindən təlim mərkəzlərində bu istiqamətdə hazırlıq aparılmamasına dair sual müəllifləri ilə məxfilik müqaviləsi bağlanılır.

Araşdırma nəticəsində məlum olub ki, cəlb edilən müəlliflərdən Siracəddin Quluzadə onunla bağlanmış məxfilik müqaviləsinin şərtlərini pozaraq ARTİ-yə təhvil verdiyi orijinal test tapşırıqlarını müəllim hazırlıq mərkəzlərindən birinin test bankına da təqdim edib. Bu suallar həmin hazırlıq mərkəzi tərəfindən imtahandan əvvəl yayımlanan videodərs zamanı çoxsaylı suallar arasında müzakirə üçün istifadə olunub. İyulun 14-də keçirilən riyaziyyat fənni üzrə imtahanda istifadə edilən 3 sualın (S.Quluzadə tərəfindən MİQ sual bankına təqdim edilmiş) imtahandan əvvəl bəzi namizədlərə videoformatda izah olunması iddiası öz təsdiqini tapıb".

"ARTİ bildirir ki, bağlanmış xidməti müqavilənin şərtlərini kobud surətdə pozduğuna görə, S.Quluzadə ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müvafiq hüquqi addımlar atılacaq. Hazırda ARTİ bu hadisənin imtahan nəticələrinə olan təsirləri ilə bağlı elmi-statistik təhlil aparır. Yekun nəticələrə dair qərar barədə ictimaiyyətə ətraflı məlumat veriləcək" - məlumatda bildirilib.

MİQ üzrə narazı müəllimlərin apellyasiya müraciətlərinə başlanılıb

MİQ üzrə narazı müəllimlərin apellyasiya müraciətlərinə başlanılıb

Bu gündən müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi ilə bağlı apellyasiya müraciətlərinin qəbuluna başlanılıb.

YAZTV xəbər verir ki, bu mərhələdə imtahanda iştirak etmiş namizədlər şəxsi səhifələrində növbəti gün saat 11:00-da aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər.

Namizədlər müvafiq xanaya müraciətlərinin məzmununu ətraflı şəkildə qeyd etməlidirlər. Apellyasiya müraciəti komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Qeyd edək ki, ötən gün riyaziyyat, fiziki tərbiyə, alman dili və fransız dili fənni üzrə həyata keçirilən test imtahanlarının apellyasiya müraciətləri bu gün saat 11:00-dan etibarən qəbul olunacaq.

Müəllimlərin işə qəbulu müsabiqəsinin riyaziyyat fənni üzrə imtahanı yenidən keçiriləcək

Müəllimlərin işə qəbulu müsabiqəsinin riyaziyyat fənni üzrə imtahanı yenidən keçiriləcək

Müəllimlərin işə qəbulu müsabiqəsinin riyaziyyat fənni üzrə imtahanı yenidən keçiriləcək.

YAZTV xəbər verir ki, Təhsil İnstitutu tərəfindən müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin riyaziyyat fənni üzrə 14 iyul 2022-ci il tarixində keçirilmiş imtahan nəticələrinin elmi statistik təhlili başa çatıb.

Təhlil nəticələrinə əsasən qərara alınıb ki, müzakirəyə səbəb olan 3 sualın nəticəsi bütün iştirakçılar üçün ləğv edilir və namizədlərə 3 sualın hər biri üzrə 2 bal olmaqla, cəmdə 6 bal hesablanır.

Əlavə olaraq, baş verənlərlə əlaqədar riyaziyyat fənni üzrə namizədlərə könüllü əsasda təkrar imtahan vermək imkanı yaradılır.

Qeyd edək ki, təkrar imtahanda iştirak etmək istəyən namizədlər nəzərə almalıdırlar ki, bu halda onların 14 iyul 2022-ci il tarixində verdiyi imtahanın nəticəsi etibarsız sayılacaq və sonuncu imtahanda əldə etdikləri nəticə əsas götürüləcək.

TN: "Uşaqlara qarşı hər cür zorakılıq hallarının baş verməsini qətiyyətlə pisləyirik"

TN: "Uşaqlara qarşı hər cür zorakılıq hallarının baş verməsini qətiyyətlə pisləyirik"

Təhsil Nazirliyi məktəbli qızın vəzifəli şəxslər tərəfindən döyülməsi ilə bağlı açıqlama yayıb.

YAZTV xəbər verir ki, açıqlamada deyilir:

"Nazirlik Lənkəran şəhər V. Əliyev adına 4 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Camalova Aliyə Samir qızının döyülməsi faktını, eləcə də uşaqlara qarşı hər cür zorakılıq hallarının baş verməsini qətiyyətlə pisləyir və bunun yolverilməz olduğunu bildirir.

Təhsil Nazirliyi bununla bağlı aidiyyəti qurumların apardığı araşdırmanın günahkarların cəzalandırılması ilə nəticələnəcəyinə inamını ifadə edir".

I və IV qrup qəbul imtahanları bir gündə keçiriləcək

I və IV qrup qəbul imtahanları bir gündə keçiriləcək

Dövlət İmtahan Mərkəzi 20 və 21 iyulda keçirməyi nəzərdə tutduğu I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları qeydiyyatdan keçmiş abituriyentlərin sayını nəzərə alaraq yalnız bir gündə - iyulun 21-də təşkil edəcək.

Mərkəzdən YAZTV-yə verilən məlumata görə, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Şəki, Bərdə, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmazda keçiriləcək.

Abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

Məlumat üçün qeyd edək ki, imtahanlar saat 10:00-da başlanacaq.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Tələbələrin köçürülməsinə başlanılır

Tələbələrin köçürülməsinə başlanılır

İyulun 25-də saat 11:00-dan etibarən tələbələrin köçürülməsi prosesinə başlanılır.

Bu barədə YAZTV-yə Təhsil Nazirliyindən məlumat verilib.

Tələbələrin ölkə daxili və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə və xaricdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin köçürülməsi üzrə elektron sənəd qəbulu transfer.edu.az portalı vasitəsi ilə həyata keçirilir. Sənəd qəbulu iyulun 31-dək davam edəcək.

Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini və ya ixtisası seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları elektron müraciətlərinə daxil etməklə, köçürülmə qaydalarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.

Köçürülmə üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal, qəbul olunduğu ildə köçürülmək istədiyi təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Həmçinin tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilmiş eyni ixtisas qrupu daxilində olmalıdır.

Qaydalara əsasən, xarici ölkələrin akkreditə olunmayan təhsil müəssisələri tələbələrinin və digər ölkələrdə qiyabi təhsil alanların köçürülməsinə icazə verilmir. Bununla yanaşı, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır. Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən və tələbələr sırasına bərpa olunan şəxslər (dövlət sifarişi əsasında təhsil alanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər.

Daha 10 bağça müdiri işdən çıxarılıb, 6 müdirə şiddətli töhmət verilib

Daha 10 bağça müdiri işdən çıxarılıb, 6 müdirə şiddətli töhmət verilib

Təhsil Nazirliyi tərəfindən dövlət məktəbəqədər təhsil müəssisələrində monitorinqlər davam etdirilir.

Nazirlikdən  verilən məlumata görə, aparılmış monitorinqlər nəticəsində 10 nəfər məktəbəqədər təhsil müəssisənin müdiri işində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad olunub.

3 nəfər bağça müdiri əvəzinin həvalə əmri ləğv olunub, 6 nəfər bağça müdirinə sonuncu xəbərdarlıqla şiddətli töhmət, 5 nəfərə töhmət, 2 nəfərə isə xəbərdarlıq verilib.

Qeyd edək ki, aparılmış yoxlamalar nəticəsində bundan əvvəl 11 nəfər məktəbəqədər təhsil müəssisəsinin müdiri işində yol verdiyi nöqsanlara görə, 30 nəfər məktəbəqədər təhsil müəssisəsinin müdiri isə çalışmanın yaş həddinə çatdığı üçün tutduğu vəzifədən azad olunub.

MİQ üzrə test imtahanı mərhələsi başlayıb

MİQ üzrə test imtahanı mərhələsi başlayıb

Bu gündən 2022-2023-cü tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinə başlanılıb.

YAZTV  xəbər verir ki, bu gün riyaziyyat, fiziki tərbiyə, alman dili və fransız dili fənni üzrə 8000-dən artıq namizəd dəvət olunub.

Qeyd edək ki, bu il üçün MİQ üzrə 9000-dən artıq vakant yer təqdim olunub.

Xatırladaq ki, 54 745 nəfər namizədin iştirakı planlaşdırılan müsabiqə 7 gün ərzində ölkənin 10 müxtəlif şəhəri olmaqla, ümumilikdə 15 imtahan mərkəzində təşkil olunacaq. Müsabiqənin test imtahanı mərhələsində hər bir namizədə onun ixtisası üzrə ümumi təhsil müəssisələrinin fənn proqramlarına aid 40 sual, tədris metodikası və təlim strategiyalarına aid 20 sual təqdim edilir. Ötən illərdən fərqli olaraq bu il test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 120 dəqiqə vaxt ayrılması nəzərdə tutulmuşdur. Bu mərhələdə ixtisas üzrə düzgün cavablandırılan test tapşırıqları 2 bal, tədris metodikası və təlim strategiyaları üzrə isə 1 bal olaraq hesablanacaq. Ümumilikdə 100 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək. Həmçinin yeni qaydalara əsasən, səhv cavablandırılan test tapşırıqları imtahan nəticəsinə təsir göstərəcək. İxtisas üzrə 1 səhv cavablandırılmış sual -0,5 bal, tədris metodikası üzrə isə - 0,25 bal şəklində hesablanacaq.