Tuesday, 05 İyul 2022 10:38
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Çavuşoğlu: Türkiyə həmişə tərəddüdsüz Azərbaycanın yanında olacaq

Çavuşoğlu: Türkiyə həmişə tərəddüdsüz Azərbaycanın yanında olacaq

Çox təşəkkürlər edirəm cənab Prezident! Can Azərbaycanın dəstəyinə heç vaxt şübhəmiz olmadı. Türkiyə də həmişə tərəddüdsüz Azərbaycanın yanında olacaq.

YAZTV xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Twitter” sosial hesabında Prezident İlham Əliyevin sentyabrın 2-də Yunanıstanın ölkəmizə yeni təyin olunmuş səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən ifadə etdiyi “Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik” fikrinə belə bir şərh yazıb.

Nazir, həmçinin ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadəsini xatırladaraq dövlət bayraqlarımızın qoşa təsvirini də paylaşıb.

Şvarsenegger casus serialına çəkilir

Şvarsenegger casus serialına çəkilir

Məşhur aktyor, ABŞ-ın Kaliforniya ştatının keçmiş qubernatoru, "Terminator" filminin ulduzu Arnold Şvarsenegger casuslar haqqında serialda baş rolu oynayacaq.

YAZTV xəbər verir ki, bu barədə “Variety" bildirir.

Qeyd edilir ki, idmançı aktyor həm də filmin icraçı prodüseri olacaq.

Süjet haqqında yalnız bu məlumdur: - söhbət ata və qızının macəralarından gedir. Filmdə qadın qəhrəman rolunu kimin oynayacağı hələ bildirilmir. Serial Şvarseneggerin televiziyada birinci böyük işi olacaq.

Layihə ilə “Skydance” şirkəti məşğul olur. Bu, şirkətlə aktyorun ilk əməkdaşlığı deyil. Arnold Şvarsenegger və şirkət 2015 və 2019-cu illərdə birlikdə "Terminator” filminin iki versiyası üzərində çalışıblar.

Braziliyada COVID-19 qurbanlarının sayı 120 mini keçib

Braziliyada COVID-19 qurbanlarının sayı 120 mini keçib

Braziliyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı bir gün ərzində 33 548 nəfər olub.

YAZTV-nin verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Nazirliyin məlumatına görə, son sutkada ölkədə daha 858 nəfər ölüb. Bununla ümumi ölüm sayı 120 452 nəfərə yüksəlib.

Braziliyada infeksiyanın yayılmasının bütün vaxtı ərzində koronavirusa 3 846 153 yoluxma aşkar edilib.

Qeyd edək ki, Braziliya həm koronavirusa yoluxma hallarına, həm də COVID-19 qurbanlarının sayına görə dünyada ikinci yerdədir.

Ukrayna MDB-nin daha üç sazişindən çıxıb

Ukrayna MDB-nin daha üç sazişindən çıxıb

Ukraynanın Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən Ukrayna MDB-nin daha üç sazişində, xüsusilə, Baytarlıq sahəsində, təşkilata üzvü olan dövlətlərin ərazilərinin sanitar mühafizəsi sahəsində əməkdaşlıq haqqında və Bitki Karantini üzrə Koordinasiya Şurasının yaradılması barədə sazişlərdə iştirakını dayandırıb.

YAZTV xəbər verir ki, bu qərar hökumətin sentyabrın 2-si keçirilmiş iclasında qəbul edilib.

Xatırladaq ki, avqust ayında Ukrayna MDB çərçivəsində yeddi beynəlxalq sazişdən çıxıb.

Maduro: “Tramp mənim qətlimi bəyənib"

Maduro: “Tramp mənim qətlimi bəyənib"

Venesuela prezidenti Nikolas Maduro hesab edir ki, ABŞ rəhbəri Donald Tramp onun qətlini bəyənib.

Bu barədə YAZTV “RİA Novosti”yə istinadən xəbər verir.

Məlumata görə, Venesuela rəhbəri qeyd edib ki, indi bunu edə biləcək snayperlərin axtarışı gedir.

"Mən ən kobud təcavüzün qurbanı idim. Birləşmiş Ştatlar hökuməti mənim başım üçün 15 milyon ABŞ dolları təklif etdi. Donald Tramp mənim qətlimi bəyəndi. Mən şişirtmirəm, onlar məni öldürmək üçün Venesuelaya snayperlər qrupunu göndərməyə və ya Venesuelada muzdlu snayperləri sifariş verməyə çalışırlar. Donald Tramp bu barədə qərar verib", - Venesuela prezidenti “Twitter”də canlı yayımda deyib.

Bu ilin yazında ABŞ-ın Ədliyyə Nazirliyi Maduronun və ölkənin 14 vəzifəli şəxsinin narkotik vasitələrin ticarətinə cəlb olunduqlarını iddia edərək onların ünvanına ittihamlar irəli sürüb. Dövlət Departamenti Maduroya görə 15 milyon ABŞ dollar mükafatı elan edib.

Dünyada koronavirusa yoluxanların sayı 25 milyonu ötüb

Dünyada koronavirusa yoluxanların sayı 25 milyonu ötüb

Dünyada qeydə alınmış koronavirusa yoluxma hallarının sayı 25 014 282-yə çatıb.

YAZTV xarici KİV-ə istinadən xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 843 100 nəfər vəfat edib.

Məlumata görə, 17 381 570 nəfər koronavirusdan sağalıb.

Dünyada ən çox yoluxma halları ABŞ, Braziliya və Hindistanda qeydə alınıb.

Azərbaycanda ümumilikdə 36 174 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 576 nəfər müalicə olunaraq sağalıb, 529 nəfər vəfat edib, 2 069 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu günə qədər yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 910 890 test icra olunub.

Türkiyədə koronavirus pandemiyasının ikinci dalğası başlayıb

Türkiyədə koronavirus pandemiyasının ikinci dalğası başlayıb

Türkiyədə koronavirus pandemiyasının ikinci dalğası başlayıb.

YAZTV-nin "Anadolu" agentliyinə istinadla verdiyi xəbərə görə, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca açıqlayıb.

Onun sözlərinə görə, hər gün daha çox yoluxma qeydə alınır. Ölkənin şərq vilayətləri Mardin, Şanlıurfa, Qaziantep və Ərzurumda yeni yoluxmalar aşkar edilir.

"Ankara, İstanbul, İzmir, Bursa hələ də ən yüksək riskli bölgələr arasındadır", - Koca jurnalistlərə bildirib.

Nazir Ankarada İstanbula nisbətən iki dəfə çox yoluxma qeydə aldığını vurğulayıb.

Ermənistanda koronavirus xəstələrinin sayı 44 mini keçib

Ermənistanda koronavirus xəstələrinin sayı 44 mini keçib

Ermənistanda COVID-19 xəstələrinin və pandemiya qurbanlarının sayı artıb.

Son 24 saat ərzində ölkədə daha 197 nəfərdə koronavirus aşkarlanıb.

YAZTV xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Milli Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 44 min 75 nəfərə, pandemiya qurbanlarının sayı 884 nəfərə çatıb.

Digər səbəblərdən ölən koronavirus xəstələrinin sayı isə 269 nəfərə yüksəlib.

Hazırda Ermənistanda 4291 aktiv koronavirus xəstəsinin olduğu bildirilir.

Avropa İttifaqı Türkiyəyə xəbərdarlıq etdi

Avropa İttifaqı Türkiyəyə xəbərdarlıq etdi

Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell Türkiyəni Aralıq dənizinin şərqində Yunanıstanla ziddiyyətlərlə bağlı birtərəfli addımlardan çəkinməyə çağırıb.

YAZTV “Bianet”ə istinadən xəbər verir ki, Aİ-nin 27 üzv ölkəsinin xarici işlər nazirlərinin Berlindəki qeyri-rəsmi görüşü zamanı səsləndirilən bu bəyanatda Aİ rəsmisi həmçinin Türkiyə tərəfini təşkilatla müzakirə etməyə də dəvət edib.

“Sputnik” xəbər verir ki, C.Borrell görüşdə Türkiyəyə qarşı sanksiyalara dair razılığa gəldiklərini açıqlayıb. Belə ki, ilkin olaraq bu ölkəyə aid gəmilərə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etmək nəzərdə tutulur.

Həmçinin Aİ-nin sədrliyini həyata keçirən Almaniya kansleri Angela Merkel də mətbuat konfransı zamanı Aralıq dənizinin şərqindəki böhran məsələsinə toxunaraq üzv ölkələrini Yunanıstanı dəstəkləməyə çağırıb.

Xatırladaq ki, ötən ay Türkiyə hökuməti Aralıq dənizinin şərq hissəsində, Kipr adası həndəvərində neft və təbii qaz kəşfiyyatı üçün “Oruc reis” seysmik tədqiqatlar gəmisi üçün "Navtex" (dənizçilərə elan) elanı verərək Yunanıstan və Fransanın sərt reaksiyası ilə üzləşmişdi. Kipr adası yaxınlığındakı kəşfiyyat işlərilə bağlı Türkiyə ilə Yunanıstan arasında bir müddətdir gərginlik yaranıb.

A.Merkelin diplomatik addımları nəticəsində Türkiyə tərəfi adıçəkilən gəmini müvəqqəti olaraq geri qaytarsa da, Yunanıstan Misirlə dəniz sazişi imzaladıqdan sonra Ankara Afinanı sözünü tutmamaqda ittiham edərək bu ay Kipr həndəvərindəki kəşfiyyat işlərinə yenidən davam edib.

Gürcüstanda koronavirusa yoluxanların sayı kəskin artdı

Gürcüstanda koronavirusa yoluxanların sayı kəskin artdı

Gürcüstanda daha 38 nəfərə koronavirus diaqnozu qoyulub, 17 pasiyent isə müalicə olunaraq sağalıb.

YAZTV xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19 aşkarlanan şəxslərin sayı 1 548-ə sağalanların sayı isə 1 270-ə çatıb. Xəstəlikdən 19 nəfər vəfat edib.

Hazırda Gürcüstan üzrə karantində olanların sayı 6 059, stasionar nəzarətdə saxlanılanların sayı isə 239 nəfər təşkil edir.

Trampın şəxsi həkimi prezidentin səhhətindən danışdı

Trampın şəxsi həkimi prezidentin səhhətindən danışdı

ABŞ prezidenti Donald Trampın şəxsi həkimi Şon Konli Birləşmiş Ştatlar liderinin sağlam olduğunu təsdiq edib.

Bu barədə YAZTV TASS-a istinadən xəbər verir.

Şon Konli bildirib ki, ABŞ lideri insult və ya mikroinsult keçirməyib.

"Prezident sağlamdır, mənim onu gözləyən gərgin iş qrafikinə dözmək qabiliyyətindən qorxum yoxdur. Son hesabatımda göstərildiyi kimi, güman edirəm ki, o prezident səlahiyyətlərini yerinə yetirmək vəziyyətində qalacaq", - deyə həkimin Ağ Ev tərəfindən yayılmış bəyanatında deyilir. Konli vurğulayıb ki, Trampda KİV-in səhvən bildirdiyi kimi insult, mikroinsult və ya hər hansı başqa kəskin ürək-damar xəstəlikləri olmayıb.

Daha əvvəl Tramp özünün “Twitter”dəki səhifəsində bu yaxınlarda bir neçə dəfə mikoinsult keçirməsi xəbəri yalan adlandırıb.

Dünyanın ən böyük kibergücü bəlli oldu

Dünyanın ən böyük kibergücü bəlli oldu

Hazırda Çin dünyanın öncül kibergücünə çevrilib.

YAZTV xəbər verir ki, beynəlxalq kibertəhlükələri tədqiq edən “İntSights” şirkətinin saytında yerləşdirilən “Çinin qaranlıq tərəfi: Qlobal kibergücün təkamülü” adlı tədqiqat hesabatına görə, iqtisadi və hərbi rəqiblərini hücum edərək sıradan çıxarmaq üçün yetərli dinamik gücə yiyələnən Çin daha zəif ölkələr üzərində nəzarət qurmağa çalışır.

Tədqiqat müəlliflərinin gəldiyi qənaətə görə, Çin öz kiberhədəflərini, məqsəd və taktikalarını dəyişdirərək dünya rəqəmsal mənzərəsinə təsir göstərmək niyyətini büruzə verir.

Araşdırmada Çinin təcavüzkar xarakterli kibercasusluq kampaniyaları və mütərəqqi hərbi təmayüllü kiberhücumları həyata keçirdiyi, zərərli proqramları təkmilləşdirib tətbiq etdiyi, yerli və əcnəbi dissidentlərə qarşı rəqəmsəl təzyiq tədbirləri həyata keçirdiyi ortaya qoyulur.

Həmçinin ABŞ, Rusiya, İsrail, bir sıra Avropa ölkələrinə nisbətən daha ehtiyatlı, əsaslı olan Çinin maliyyələşdirdiyi ayrı-ayrı kiberqrupların istifadə etdikləri üsul və taktikalarında özünəməxsus fərqlərin gözə dəydiyi bildirilir.