Friday, 12 Avqust 2022 12:18
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Türkiyədə koronavirusla bağlı son statistika

Türkiyədə koronavirusla bağlı son statistika

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 72 nəfər ölüb.

YAZTV-nin xəbərinə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 101 403 şübhəli koronavirus testindən keçib, onlardan 1815-nin cavabı pozitiv çıxıb, 1501 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 1427 nəfər olub.

Türkiyədə ümumilikdə 347 493 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 9296 nəfər ölüb.

Alimlər koronavirus və qrip əleyhinə peyvənd-sprey hazırlayıblar

Alimlər koronavirus və qrip əleyhinə peyvənd-sprey hazırlayıblar

Eyni zamanda həm adi qrip, həm də COVID-19 əleyhinə burun spreyi hazırlanıb.

YAZTV xəbər verir ki, spreyi Honkonq Universitetinin alimləri düzəldiblər.

Spreyin tərkibində qripə və koronavirusa qarşı peyvənd var. Sprey-peyvəndin insanlar üzərində sınaqlarına gələn ay başlanıla bilər. Ehtimal edilir ki, sprey virusların, o cümlədən COVID-19 infeksiyasının birbaşa burunda məhvinə kömək edəcək. Viruslar adətən insan orqanizminə burun vasitəsilə düşürlər.

Peyvənd-spreyin klinik sınaqlardan keçirilməsi üçün əvvəlcə 100-ə yaxın adam cəlb etmək planlaşdırılır.

Emomali Rahmon yenidən rəsmən Tacikistan prezidenti seçilib

Emomali Rahmon yenidən rəsmən Tacikistan prezidenti seçilib

Tacikistanın Mərkəzi Seçki Komissiyası oktyabrın 11-də keçirilmiş prezident seçkilərinin son nəticələrini təsdiqləyib.

Bu barədə YAZTV "Anadolu" agentliyinə istinadən xəbər verir.

Qeyd edilir ki, qərarın mətnini "Xovar" dövlət informasiya agentliyi dərc edib.

Səsvermənin nəticələrinə əsasən hazırkı dövlət başçısı Emomali Rahmon 90,92 faiz səslə qələbə qazanıb.

"Tacikistan Respublikasının Seçkilər və Referendum üzrə Mərkəzi Komissiyası qərar verir: Tacikistan Respublikası Prezidentinin seçkiləri baş tutmuş hesab edilsin. Seçkilərin son nəticələrinə görə, Emomali Rahmon səsvermədə iştirak edən seçicilərin 90,92 faizinin - 3 853 987 səsini toplayaraq Tacikistan Respublikasının seçilmiş Prezidenti sayılır", - sənəddə deyilir.

BMT-nin qarşısında Gəncə terroruna etiraz edildi

BMT-nin qarşısında Gəncə terroruna etiraz edildi

Azərbaycan Nyu-York Assosiasiyasının təşkilatçılığı ilə ABŞ-ın Nyu-York şəhərində icazəli aksiya keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən YAZTV-ə verilən məlumata görə, aksiya BMT Baş Qərargahının qarşısında yüzlərlə azərbaycanlının iştirakı ilə baş tutub. Filadelfiya, Nyu-Cersi, Meyn, Vaşinqton, Virciniya, Karolina və digər ətraf ştatlardan da çoxlu sayda həmvətənimizin qatıldığı aksiyada Azərbaycanın Dövlət Himni oxunub, ingilis dilində “Erməni yalanlarına son qoyun!, “Qarabağ Azərbaycandır!”, “Gəncə cəbhə zonası deyil!”, “Ermənistan - BMT qətnamələrinə əməl et!”, “Uşaqları öldürməyin!”, “Mülki şəxslər toxunulmazdır!”, “Biz ədalət istəyirik!”, “İşğal beynəlxalq sülhə təhlükədir!” kimi şüarlar səsləndirilib.

Çıxış edənlər BMT-dən Ermənistanın təxribatlarını və hücumlarını araşdırmaq üçün komissiya təşkil etməyə, dünya birliyini işğalçı Ermənistana qarşı tədbirlər görməyə çağırıblar. Azərbaycan və Türkiyənin dövlət bayraqlarının dalğalandırıldığı, Ermənistanın işğalçı siyasətinə etiraz plakatlarının qaldırıldığı aksiyada Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərinin, cəbhə bölgəsindən uzaqda yerləşən digər yaşayış məntəqələrinin ağır artilleriya atəşinə tutulması diqqətə çatdırılıb.

Aksiya iştirakçıları mülki əhaliyə qarşı törədilən terror cinayətlərini pisləyərək, BMT və beynəlxalq ictimaiyyəti erməni vəhşiliyini qınamağa, ərazi bütövlüyünün bərpası istiqamətində apardığı haqlı mübarizədə Azərbaycanı dəstəkləməyə səsləyiblər.

Qeyd edək ki, humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusu 11 oktyabr və 17 oktyabr 2020-ci il tarixlərində gecə saatlarında Azərbaycanın cəbhə zonasından kənarda yerləşən, ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutub. İşğalçı Ermənistan ordusunun raket zərbələri nəticəsində Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binaları dağılıb, mülki obyekrlərə ciddi ziyan dəyib, hər iki terror aktı nəticəsində 23 nəfər həlak olub, 83 dinc sakin ağır yaralanıb, şəhərə külli miqdarda ziyan dəyib.

Koronavirusun aşkarlanması üçün ən etibarlı üsul açıqlandı

Koronavirusun aşkarlanması üçün ən etibarlı üsul açıqlandı

COVID-19-un aşkarlanması üçün ən etibarlı üsul “Polimeraz zəncir reaksiyası” (PZR) testidir.

YAZTV xəbər verir ki, bu barədə “Rospotrebnadzor” (Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun Molekulyar Diaqnostika Mərkəzinin mütəxəssisi Mixail Lebedev bildirib.

Onun sözlərinə görə, bəzən koronavirus testinin cavabları səhv olur:

“Buna görə (koronavirusu - red.) yalnız birbaşa metodla öyrənə bilərsiniz. Birbaşa üsul isə PZR-dir”, - deyə o bildirib.

Mütəxəssisin sözlərinə görə, epidemioloji tədqiqatlar üçün sürətli testlər də əlverişlidir, lakin onlar infeksiyanın varlığına işarə edən “immunoqlobulin M”in mövcudluğunu hər zaman aşkar edə bilmirlər.

ÜST koronavirusdan ölümün artımı barədə xəbərdarlıq etdi

ÜST koronavirusdan ölümün artımı barədə xəbərdarlıq etdi

COVID-19-a yoluxma hallarının sayına görə bir neçə həftə sonra dünyada koronavirusdan ölüm hallarının sayında artım qeydə alına bilər.

YAZTV xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş elmi işçisi Sumya Svaminatan "Twitter"də bildirib.

"Əgər biz yoluxma hallarının sayının böyük artımını görürüksə, necə ki bu indi baş verir, onda, təəssüf ki, iki həftə sonra ölümlərin sayında artım ola bilər", - o bildirib.

Bu halda o qeyd edib ki, dünən koronavirusdan təsdiq edilmiş ölüm göstəricisi azalıb.

Tramp Makronla bağlı səhvə yol verdi

Tramp Makronla bağlı səhvə yol verdi

ABŞ Prezidenti Donald Tramp Miçiqan ştatında tədbirdə çıxışı zamanı fransız həmkarı Emmanuel Makronla bağlı səhvə yol verib.

YAZTV-nin “TASS”a istinadən məlumatına görə, o, Makronu Fransanın Baş Naziri kimi təqdim edib.

“Baş Nazir Makronu həqiqətən sevirəm, amma bir dəfə ondan vəziyyətin necə olduğunu, razılaşmanın nə yerdə qaldığını soruşdum. “Razılaşma o qədər də yaxşı deyil”,- söylədi”, - deyə Tramp Paris İqlim Razılaşmasından bəhs edərkən bildirib.

Qeyd edək ki, hazırda Fransanın Baş Naziri vəzifəsini Jan Kasteks icra edir.

Xatırladaq ki, ABŞ 2017-ci ilin avqust ayında Paris İqlim Sazişindən çıxıb. Müqavilə 2015-ci ildə imzalanıb və inkişaf etməkdə olan ölkələrə iqlim problemlərinin həlli üçün 100 milyard dollar ayrılmasını nəzərdə tutur. Müqavilə qlobal orta temperatur artımını ehtiva etmək üçün istixana tullantılarının azaldılmasını təmin edir.

Başgicəllənmə koronavirusun əlaməti ola bilər

Başgicəllənmə koronavirusun əlaməti ola bilər

Dünyanın ikinci dalğasına hazırlaşdığı koronavirusun bir əlamətlə müəyyən edilməsi təəccüb doğurub.

YAZTV xəbər verir ki, bu barədə türkiyəli professor Arif Şanlı deyib.

Onun sözlərinə görə, koronavirus qulaqda sinir hüceyrələrinə təsir edir, bu da başgicəllənmə ilə nəticələnir:

“Pandemiya zamanı başgicəllənmə müşahidə etsəniz, bunun COVID-19-la əlaqəli ola biləcəyini nəzərinizdə tutun”.

Alim bildirib ki, koronavirus qana qarışa bilən, beyin toxumasına nüfuz edən və sinir sistemini zədələyən virusdur:

“Dərhal sinirə yayıla bilir. Onun dad və qoxubilmə pozğunluğuna səbəb olması sırf sinir sisteminə təsirindən qaynaqlanır”.

O qeyd edib ki, ən geniş yayılan əlamətləri hərarət, quru öskürək, yorğunluq olan koronavirus bəzən əlamətlərini bildirmir.

ÜST rəsmisi: “Pandemiyanın ikinci dalğası yoxdur”

ÜST rəsmisi: “Pandemiyanın ikinci dalğası yoxdur”

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəladə Hallar üzrə Regional Direktoru Dorit Nitzan dünyada koronavirusun ikinci dalğasının olmadığını açıqlayıb.

YAZTV “RİA Novosti”a istinadla xəbər verir ki, o bu barədə pandemiya ilə bağlı konfrans zamanı bildirib:

“Koronavirusun növləri və formaları göstərir ki, pandemiyanın hansısa ikinci dalğası yoxdur”.

Onun sözlərinə görə, bəzi dövlətlərdə yoluxma yüksək olsa da, bəzilərində bu göstərici aşağıdır.

Nitzan bildirib ki, dünyada koronavirusa yoluxanların cəmi 5 faizinin ağır vəziyyətdə olduğuna görə, insanlar bu xəstəliyin ciddiliyinə əhəmiyyət vermirlər.

Çikaqoda Gəncə terroruna etiraz edilib

Çikaqoda Gəncə terroruna etiraz edilib

ABŞ-ın İllinoys ştatında yaşayan soydaşlarımız Gəncə terrorunu pisləyən aksiya keçiriblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən YAZTV-ə verilən məlumata görə, aksiya Çikaqo şəhərində keçirilib və iştirakçılar Ermənistan silahlı qüvvələrinin dinc əhalini hədəf almasını, ölkəmizin müxtəlif şəhər və rayonlarında onlarla günahsız insanın qətlə yetirilməsini, mülki obyektlərin dağıdılmasını kəskin şəkildə pisləyiblər. Aksiya iştirakçıları cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə şəhərinin gecə saatlarında ağır artilleriya atəşinə tutulmasını erməni vandalizminin bariz nümunəsi olduğunu qeyd ediblər.

Bildirilib ki, Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərinin, Tərtər, Goranboy, Bərdə, Yevlax, Ağdam, Ağcəbədi və digər rayonlarının ağır artilleriya atəşinə tutulması Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasətin göstəricisidir.

Aksiya iştirakçıları mülki əhaliyə qarşı törədilən cinayətləri pisləyərək, beynəlxalq ictimaiyyəti erməni vəhşiliyini qınamağa və ərazi bütövlüyünün bərpası istiqamətində apardığı haqlı mübarizədə Azərbaycanı dəstəkləməyə səsləyiblər.

Aksiyada Azərbaycan Respublikasının Dövlət Himni ilə yanaşı İstiqlal marşı oxunub, müxtəlif dillərdə “Qarabağ Azərbaycandır!”, “Gəncə cəbhə zonası deyil!”, “Erməni terroruna son!”, “Uşaqları öldürməyin!”, “Mülki şəxsləri öldürməyin” “Biz terrora yox deyirik”, “İşğalçı dövləti dəstəkləməyin!”, “Biz ədalət istəyirik!” kimi şüarlar səsləndirilib.

Aksiya iştirakçıları sonda erməni konsulluğunun binasının önünə gedərək etirazlarını bildiriblər.

“Qırıcı” quşun sürət rekordu alimləri heyrətləndirib

“Qırıcı” quşun sürət rekordu alimləri heyrətləndirib

Alyaskadan Yeni Zelandiyaya 11 gün ərzində 7500 mil (12070,08 km) məsafə qət edən oxcüllüt quşu dayanmadan uçuş üzrə dünya rekordunu qırıb. Elm adamlarının “qırıcı-quş”  adını verdikləri lələkli bütün bu müddət ərzində hətta yemək və içmək üçün yerə enməyib.

YAZTV xəbər verir ki, bu barədə “The Guardian” xəbər yayıb.

Bildirilir ki, alimlər quşun bədəninə yapışdırdıqları sensordan istifadə edərək quşun qeyri-adi səyahətini izləyə biliblər.

Layihə müəllifi Dr. Cessi Konklin oxcüllütü reaktiv qırıcı təyyarə ilə müqayisə edib.

“Bu quşun hətta görünüşü də qırıcı kimi görünür: uzun, sivri qanadlar və sürüşkən (hərəkət zamanı hava müqavimətini azaldacaq) forma. Bu, quşa çox aerodinamik potensial verir”, - deyə Konklin vurğulayıb.

Alimlər quşun marşrutunu xüsusi xəritədə qeyd ediblər. Quş sentyabrın 16-sında Alyaskadan çıxıb və sentyabrın 27-sində Yeni Zelandiyada enib.

Pandemiya ABŞ-a 16 trilyon dollardan çox ziyan vuracaq

Pandemiya ABŞ-a 16 trilyon dollardan çox ziyan vuracaq

Pandemiyanın uzunmüddətli təsirini nəzərə alaraq Amerika iqtisadiyyatı yaxın gələcəkdə 16 trilyon ABŞ dollarından çox itirəcək.

YAZTV xəbər verir ki, bu barədə məlumat ABŞ-ın keçmiş maliyyə katibi Lourens Sammers və Harvardın iqtisadçısı David Katler tərəfindən Amerika Tibb Birliyinin dövri nəşrində dərc olunan məqaləsində yer alıb.

Ekspertlər hesablamalarında növbəti on ildə ABŞ-da yaranacaq məhsuldarlıq itkisini, eyni zamanda yerli sakinlərin xəstəliyi və ölümünün səbəb olduğu iqtisadi ziyanı da nəzərə alıblar. Ümumi rəqəmin 16 trilyon ABŞ dollarından çox olduğu təxmin edilir ki, bu da ABŞ-ın illik ÜDM-nun 90% -ni təşkil edir.

Dörd nəfərlik ailənin itkisi təxminən 200 000 ABŞ dolları təşkil edəcək. Bu məbləğin təxminən yarısı COVID-19 səbəbindən itirilən gəlirdir. İqtisadçılara görə, pandemiya “Böyük Depressiya”dan sonra ABŞ-ın firavanlığı və rifahı üçün ən ciddi təhdiddir.

Sammers və Katler hesab edir ki, virusun yayılması nəticəsində yaranan iqtisadi itkilər gələcəkdə iqlim dəyişikliyinə səbəb olacaq zərərlərlə müqayisə edilə bilər.