Bu il Azərbaycanda törədilən cinayətlərin sayı açıqlanıb

Bu il Azərbaycanda törədilən cinayətlərin sayı açıqlanıb

Bu il Azərbaycanda törədilən cinayətlərin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən  bildirilib ki, cari ilin yanvar–iyun ayları ərzində qadınlar tərəfindən, onların iştirakı ilə və onlara qarşı törədilmiş cinayətlərin sayı
müvafiq olaraq 12,0 faiz, 2,0 dəfə və 17,6 faiz artıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə yetkinlik yaşına çatmayanlar tərəfindən, onların iştirakı ilə və onlara qarşı törədilən cinayətlərin sayı da müvafiq olaraq 17,3 faiz, 2,2 dəfə və 17,1 faiz artımla müşahidə olunub.

Cari ilin birinci yarısında qeydə alınan cinayət hadisələrinin 5768-i və ya 31,7 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub,
onların da 59,9 faizi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, 35,4 faizi eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə, yaxud qanunsuz olaraq satma, 3,6 faizi qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 1,0 faizi güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi,
0,1 faizi isə digər cinayətlərdir.

Cari ilin yanvar-iyun ayları ərzində qeydə alınmış cinayət hadisələrinin 745-i və ya 4,1 faizi məişət zorakılığı ilə bağlı olub ki, bu da əvvəlki ilin müvafiq dövrünün göstəricisindən 7,2 faiz azdır. Məişət zorakılığı ilə bağlı cinayətlərin 105-i əvvəllər də cinayət törədən şəxslər tərəfindən, 22-si isə sərxoş vəziyyətdə törədilib ki, bu da əvvəlki ilin göstəricisindən müvafiq olaraq 11,0 faiz və 42,1 faiz azdır.

Məişət zorakılığı nəticəsində baş verən cinayətlərin 89,9 faizi qəsdən sağlamlığa
az ağır və ya yüngül zərər vurma, 5,8 faizi qəsdən adam öldürmə və ya adam öldürməyə cəhd, 2,6 faizi qəsdən sağlamlığa ağır zərər vurma, 1,7 faizi isə digər cinayətlərə aiddir.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə qeydə alınan cinayətlər nəticəsində zərərçəkən 12731 nəfərin 764-ü və ya 6,0 faizi məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində
zərərçəkənlərdir. Həmin cinayətlər nəticəsində zərərçəkənlərin sayı əvvəlki ilin göstəricisinə nisbətən 6,9 faiz azalıb ki, onların da 81,8 faizini qadınlar (2,2 faiz azalma), 0,5 faizini (dəyişməz olaraq qalıb) isə yetkinlik yaşına çatmayanlar təşkil edib.

Əvvəlki illə müqayisədə bu cinayətlər nəticəsində ölənlərin sayı 32,3 faiz artaraq 41 nəfər (onlardan 32-si qadınlar) olub.