Tuesday, 05 İyul 2022 11:24
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Vergi rəsmisi: "ƏDV-dən yayınmaq üçün bir neçə şirkət yaradanlar var"

Vergi rəsmisi: "ƏDV-dən yayınmaq üçün bir neçə şirkət yaradanlar var"

"Son zamanlar vətəndaşların xəbəri olmadan onların adlarına hüquqi şəxslərin qeydiyyatdan keçirilməsi ilə bağlı vergi orqanlarına müraciətlər daxil olur".

YAZTV xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Dövlət Qeydiyyatı Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatının təhlili şöbəsinin rəisi Leyla Hüseynzadə bildirib.

Onun sözlərinə görə, ölkədə əlavə dəyər vergisindən yayınmaq üçün bir neçə şirkət yaradan işbazlar var. Bu şirkətlər isə adətən başqalarının adına yaradılır. Bunun üçün işbazlar vətəndaşların etibarından istifadə edərək onlardan aldıqları etibarnamə əsasında "ASAN İmza" əldə edirlər.

"Belə hallar aşkar edildikdə həmin hüquqi şəxsə müvəqqəti rəhbər təyin olunmuş şəxslərin ölkədən çıxışına qadağa qoyulur. Əgər külli miqdarda vergidən yayınma varsa, Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə cinayət işi açılır", - deyə vergi rəsmisi qeyd edib.

Peyvənd olunanların sayı açıqlanıb

Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada 2 131 nəfər vaksinasiya olunub.

YAZTV xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 538, ikinci doza vaksinləri sayı 305-dir.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1 108-dir. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 180 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 766 538, birinci doza peyvəndlərin ümumi sayı 5 354 566, ikinci doza vaksinlərin sayı 4 853 792 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 308 903, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 249 227 olub.

Gəncədə sakinlərlə növbəti səyyar görüş keçirilib

Gəncədə sakinlərlə növbəti səyyar görüş keçirilib

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq Gəncə şəhərində mütəmadi vətəndaşlarla səyyar və fərdi görüşlər keçirilir. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə Məhsəti Mərkəzində sakinlərlə görüşüb, onların müraciətlərini dinləyib.

Görüşdə Nizami və Kəpəz İcra Hakimiyyətlərinin başçıları Nizami Hacıyev, Eldəniz Xudiyev, İcra Hakimiyyətinin məsul əməkdaşları və aidiyyəti qurumların rəhbərləri iştirak ediblər.

Şəhər sakinləri onları narahat edən məsələləri gündəmə gətiriblər. Səsləndirilən müraciətlərdə işlə təminat, müalicə, mənzil növbəliliyi və digər məsələlər üstünlük təşkil edib. Niyazi Bayramov tərəfindən sakinlərin səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib, bir çox məsələlər yerindəcə öz həllini tapıb.

Bununla yanaşı, səhiyyə məsələləri ilə bağlı bildirilib ki, Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə ölkədə icbari tibbi sığorta sistemi tətbiq edilir. Bununla da, sakinlər dövlət tibb müəssisələrinə müraciət edərək rahat şəkildə müalicə və müayinə oluna bilərlər. Əhalinin məşğulluğu ilə bağlı sakinlərə Dövlət Məşğulluq Agentliyinin tabeliyində Gəncə-Daşkəsən Regional Məşğulluq filialına müraciət etmələri tövsiyə olunub.

Vətəndaşlar səyyar görüşdən razı qaldıqlarını bildirib, problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Səudiyyə Ərəbistanında Həcc ziyarəti adı ilə dələduzluğa görə 15 nəfər həbs edilib

Səudiyyə Ərəbistanında Həcc ziyarəti adı ilə dələduzluğa görə 15 nəfər həbs edilib

Səudiyyə Ərəbistanı polisi Həcc ziyarətində iştirak etmək istəyənlərdən dələduzluq yolu ilə pul toplamaqda şübhəli bilinən 15 nəfəri həbs edib.

YAZTV “Newsru”ya istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Ziyarət Məsələləri üzrə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, onlar sosial şəbəkədə mehmanxana nömrələri və nəqliyyat xidməti ilə bağlı reklam kampaniyası aparıb. Dələduzlar həm də qurban kəsilməsinə köməklik göstərəcəklərini təklif ediblər.

Son sutkada Azərbaycanda 49 nəfər koronavirusa yoluxub

Son sutkada Azərbaycanda 49 nəfər koronavirusa yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 49 yeni yoluxma faktı qeydə alınıb, 25 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 793 273 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 368 nəfər müalicə olunaraq sağalıb, hazırda 188 aktiv xəstə var. Bu günə qədər 9 717 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 057, bu günə qədər isə ümumilikdə 6 964 085 test icra olunub.

Audiovizual Şura "Muz TV"yə xəbərdarlıq edib

Audiovizual Şura "Muz TV"yə xəbərdarlıq edib

Azərbaycan Respublikası Audiovizual Şurasının yayım zamanı qanunvericiliyin pozulması faktı ilə əlaqədar iclası keçirilib.

Bu barədə YAZTV-yə Şuradan məlumat verilib.

Bildirilib ki, iclasda “MTV” televiziya kanalının efirində 25 iyun 2022-ci il tarixdə saat 12.00–13.00 arası yayımlanan “MTV maqazin” proqramında “Media haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.4-cü maddəsinin (irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkiliyin təbliğ olunması) tələbinin pozulması faktı müzakirə olunub.

Belə ki, qeyd olunan proqramın yayımı zamanı (saat 12.44-də) müsahibə alınan müğənni tərəfindən “...Ailəni dağıtdın e. Bax, o, kişidi. Yenə də gedib ikinci dəfə evlənəcək. Ay qadın yazıq, bəs sən neynəyəcəksən? Bax, uşaqla da qalacaqsan evin bir küncündə...ikinci dəfə ərə gedəcəksən. O ya çata, ya bata. Uşaqla kimdi səni alan?... Oturacaqsan evdə tək?... boşananlar var ha (qadınlar nəzərdə tutulur), 99 faizi hamısı peşmandı. Nəyə görə? Oturub evdə, ailə yox, bir uşaqla, ərə gedə bilmir, saxlayanı yoxdu... nə xanım kimi xanımdı, ya nökər kimi nökərdi...” ifadələri səsləndirilib.

Efirdən bu cür ifadələrin səsləndirilməsinə yayımçı tərəfindən imkan yaradılması Azərbaycan Respublikasında gender bərabərliyi və bu kontekstdə insan hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən fəaliyyətə kölgə salmaqla yanaşı, cəmiyyətdə baş verən boşanma və ailə dağılması prosesində zərərçəkən tərəf kimi yalnız qadının göstərilməsi, onun “yazıq” simasının yaradılması cinsi ayrıseçkiliyin təbliği hesab olunur və bununla da “Media haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələbi pozulur.

Aparılan müzakirələrdən sonra Azərbaycan Respublikası Audiovizual Şurası “Muz TV Azərbaycan” peyk yayımı həyata keçirən platforma yayımçısına bir daha belə halın təkrarlanacağı təqdirdə ciddi inzibati sanksiya tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edilməsi barədə qərar qəbul edib.

Azərbaycanda qurbanlıq qoyunlar bahalaşıb

Azərbaycanda qurbanlıq qoyunlar bahalaşıb

Gələn ay Azərbaycanda qeyd olunacaq Qurban bayramı ilə bağlı əlaqədar satışa çıxarılan heyvanların qiymətləri ötən illə müqayisədə bir qədər çox olacaq.

Bu barədə YAZTV paytaxtda qurbanlıq heyvanların satışı və kəsimi ilə məşğul olan qəssablar məlumat verib.

Onların sözlərinə görə, əgər ötən il diri çəkildə heyvanın kiloqramı 12-13 manata satılırsa, bu il qiymət azı 14 manatdan başlayacaq. Bahalaşmaya səbəb heyvan yeminin və dərmanının qiymətlərindəki artımdır. Beləliklə, qurbanlıq qoyunların qiymətləri ötənilki 200-250 manatdan 250-300 manata yüksələcək.

Bahalaşma təkcə Bakıda deyil, həm də regionlarda müşahidə olunacaq.

Ötən il olduğu kimi, bu il də qurbanlıq heyvanların kəsimi üçün səyyar məntəqələr quraşdırılacaq. Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, hazırda həmin məntəqələrin yerləri müəyyən edilir. Agentlik Qurban bayramı ərəfəsində bu sahədə fəaliyyət göstərən şəxsləri dini ayinləri icra etməklə yanaşı, heyvan kəsimini və satışını qanunvericiliyin tələblərinə uyğun həyata keçirməyə çağırıb.

"Adi günlərlə müqayisədə bayram günlərində daha çox heyvanın kəsimi və satışının həyata keçirildiyini nəzərə alaraq, Agentlik aidiyyəti dövlət orqanları ilə birgə əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin miqyasını daha da genişləndirəcək. Bununla əlaqədar bildirilir ki, heyvanların kəsimi və satışı aidiyyəti dövlət orqanlarının müəyyən etdiyi yerlərdə həyata keçirilməli, sanitariya-gigiyena tələblərinə uyğun olmayan küçə, yol kənarı, məhəllə və digər ictimai yerlərdə heyvan kəsimi və satışı, eyni zamanda baytarlıq şəhadətnaməsi olmadan iri və xırdabuynuzlu heyvanların daşınması yolverilməzdir", - deyə qurum bəyan edib.

Sabahdan əlillik sahəsində yeni meyarların tətbiqinə başlanacaq

Sabahdan əlillik sahəsində yeni meyarların tətbiqinə başlanacaq

Sabahdan əlillik sahəsində yeni meyarların tətbiqinə başlanacaq.

YAZTV xəbər evrir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin müdiri Fazil Talıbov bildirib.

O qeyd edib ki, əlillik artıq 3 dərəcə üzrə deyil, orqanizmin funksiyalarının 31-100 faiz aralığında məhdudlaşma göstəricisi əsasında müəyyən olunacaq: "31 faizdən sonra göstərici 5 faiz – 5 faiz aralığında artacaq. Qiymətləndirmə 7 kateqoriya üzrə aparılacaq: özünəqulluq, sərbəst hərəkətetmə, istiqamətseçmə, ünsiyyət, davranışına nəzarətetmə, öyrənmə və əmək fəaliyyəti. Əlillik təyinatına əsas verən meyarlar 4 dəfədən çox artırılır. Bu vaxta qədər müddətsiz əlillik təyin edilmiş şəxslər yeni meyarlarla bağlı təkrar müayinəyə çağırılmayacaq. Bu vaxta qədər müddətli əlillik verilmiş şəxslərin isə yalnız həmin müddət bitəndən sonra yeni meyarlarla əlilliyinin qiymətləndirilməsi aparılacaq. Sağalmaz xəstəlikləri olan uşaqlar üçün əlillik artıq 18 yaşa qədər deyil, ömürlük təyin ediləcək".

"İndiyədək iki və daha çox diaqnoz olduqda, yalnız biri üzrə əlillik təyin olunurdu. Bundan sonra onlardan yüksək faizi olanın üzərinə 10 faiz əlavə olunmaqla təyinat aparılacaq. Bu zaman daha üstün sosial təminat hüququ verən əlillik səbəbi müəyyən ediləcək. Məsələn, şəxsdə həm müharibə ilə əlaqədar, həm də ümumi səbəbdən əlillik mövcud olanda, o zaman ona müharibə ilə əlaqədar əlillik müəyyən olunacaq ki, sosial təminatı daha yüksək olsun. Meyarlarda məhdudlaşmanın ən yüksək həddi olan 100% pozulma - hər hansı bir orqanın funksiyasının 100% pozulması deməkdir. Məsələn, görmə qabiliyyətinin 100 faiz itirilməsi", - o bildirib.

Azərbaycan Dövlət Dəniz Akademiyası açıqlama yayıb

Azərbaycan Dövlət Dəniz Akademiyası açıqlama yayıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) sosial şəbəkələrdə tələbə qəbulu ilə bağlı yayılan elanlarla bağlı açıqlama yayıb.

YAZTV-nin məlumatına görə, açıqlamada deyilir ki, son günlər “Tik-tok” və digər sosial şəbəkələrdə Akademiyaya imtahansız qəbul haqqında elanlar paylaşılır.

"Bu elanlar tamamilə saxtadır və qəbul Nazirlər Kabinetinin təsdiqlədiyi müvafiq qərara əsasən Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarına uyğun aparılır.

Hazırda ali təhsil müəssisələrinə qəbul dövrüdür. Belə həssas vaxtda həm abituriyentləri, həm də onların yaxınlarını bu cür saxta elanlara inanmamağa çağırırıq.

Eyni zamanda belə elanların müəlliflərini xəbərdar edirik ki, bu əməllərini davam etdirdikləri təqdirdə hüquq mühafizə orqanlarına müvafiq qaydada müraciət olunacaqdır.

ADDA haqqında www.adda.edu.az, qəbul qaydaları haqqında ətraflı məlumatı www.dim.gov.az saytından almaq mümkündür", - deyə açıqlamada qeyd olunub.

Gəncədə  təcridxanasında saxlanılan şəxslər arasında şahmat, dama, nərd və stolüstü tennis idman növləri üzrə yarışlar keçirilib

Gəncədə təcridxanasında saxlanılan şəxslər arasında şahmat, dama, nərd və stolüstü tennis idman növləri üzrə yarışlar keçirilib

30 iyun 2022-ci il tarixdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Gəncədə yerləşən 2 saylı İstintaq Təcridxanasında saxlanılan şəxslər arasında şahmat, dama, nərd və stolüstü tennis idman növləri üzrə yarışlar keçirilib.
 
Yarışın açılış mərasimində Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov çıxış edərək, qapalı müəssisələrdə saxlanılan şəxslərin asudə vaxtlarının səmərəli şəkildə təşkili məqsədilə bu cür İdman yarışlarının əhəmiyyətindın danışmış və yarışın iştirakçılarına uğurlar arzulamışdır.
Yarışın sonunda qaliblər Baş İdarə tərəfindən diplomlarla təltif olunublar.
 
 
İyul ayının ilk gününə olan hava proqnozu açıqlanıb

İyul ayının ilk gününə olan hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında iyulun 1-də hava şəraiti əsasən yağmursuz keçəcək.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 20-23° isti, gündüz 30-34° isti olacaq. Bakıda gecə 21-23° isti, gündüz 32-34° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-55 % olacaq.

Azərbaycanın rayonlarında sabah əksər rayonlarda əsasən yağmursuz. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-38° isti, dağlarda gecə 8-13° isti, gündüz 18-23° isti olacaq.

Bu gün Azərbaycandan zəvvarların ikinci qrupu Həcc ziyarətinə yola düşür

Bu gün Azərbaycandan zəvvarların ikinci qrupu Həcc ziyarətinə yola düşür

Bu gün Azərbaycandan zəvvarların ikinci qrupu Həcc ziyarətinə yola düşür.

Bu barədə YAZTV-ə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Qeyd edilib ki, qrupa 180 zəvvar daxildir.

 

 Qeyd edək ki, Azərbaycanda Həcc ziyarətinə 680 nəfərlik kvota verilib.

Zəvvarlar iyun ayının 29-30-u və iyul ayının 1-2-si Həcc ziyarətinə yola düşür, iyulun 19-20-si isə geri dönəcəklər.