Friday, 20 May 2022 08:23
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Bu gün nə qədər vaksin vurulub?

Bu gün nə qədər vaksin vurulub?

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 12 879 vaksin vurulub.

YAZTV xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 909, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 240, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 10 115, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 615 nəfərdir.

Gəncədə tələbə gənclər təşkilatlarının iştirakı ilə anım tədbiri keçirilib

Gəncədə tələbə gənclər təşkilatlarının iştirakı ilə anım tədbiri keçirilib

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 31 Mart Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tələbə gənclər təşkilatlarının iştirakı ilə anım tədbiri keçirilmişdir.
Anım tədbiri soyqırım qurbanlarının, Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş Şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilməsi və 31 mart soyqırım abidəsi önünə tər qərənfillərin düzülməsi ilə başlanmışdır.
 
Gəncə Dövlət Universitetində keçirilən tədbirdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə Bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, Gəncə Dövlət Universitetinin tarix kafedrasının müəllimi Eldar Mehdiyev və gənclər çıxış edərək, 31 mart Azərbaycanlıların Soyqırımı haqqında tarixi faktlara əsaslanan geniş məlumat vermişlər, soyqırımın Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürü okduğunu qeyd etmişlər.Çıxış edənlər belə faciələrin ağır nəticələrinin aradan qaldırılması və bir daha belə halların təkrar olunmaması üçün milli birliyin nümayiş etdirilməsinin önəmini vurğulayıblar.
 
 
Gəncədə 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş elmi-praktik konfrans keçirilib

Gəncədə 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş elmi-praktik konfrans keçirilib

Gəncə Şəhər İcra Hakimiyyəti və AMEA-nın Gəncə bölməsinin birgə təşkilatçılığı ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş elmi-praktik konfrans baş tutub.

Elmi-praktik konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztür, AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, ADAU-nun rektoru İbrahim Cəfərov, GDU-nun rektoru Yusif Yusifov, idarə-müəssisə və təşkilat rəhbərləri, şəhər ziyalıları, tələbə-gənclər iştirak ediblər.

Əvvəlcə soyqırımı qurbanlarının və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Elmi-praktik konfransda çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, qədim tarixə malik olan Azərbaycan xalqı müxtəlif zamanlarda böyük faciələr və soyqırımlarla üzləşib. Bu dəhşətli hadisələrdən biri də 1918-ci ilin mart-aprel aylarında yaşanıb. Belə ki, Bakı və ətraf ərazilərdə azərbaycanlılar kütləvi şəkildə vəhşicəsinə qətlə yetiriliblər. Ermənilərin azərbaycanlılara qarşı soyqırımları 20-ci əsrin sonlarında bir daha təkrarlanıb. 1992-ci ilin fevralında ermənilər Xocalıda yerli əhaliyə qarşı yenidən soyqırım törətdilər. O, qeyd edib ki, 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılmışdır. 1998-ci il martın 26-da Heydər Əliyevin imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 1918-ci il 31 Mart- Azərbaycanlıların Soyqırımı Günü elan edilib.

AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev qeyd edib ki, 1998-ci il martın 26-da Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman böyük tarixi əhəmiyyət daşıyır. Bundan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olunmuşdur. Son illər bu sahədə aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanılıb. Quba şəhərində tapılan kütləvi məzarlıq bu faciənin qanlı epizodlarından biridir.

Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk çıxış edərək bildirib ki, xüsusi vəhşiliklə törədilən bu soyqırım təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün türk dünyasına qarşı nifrətin təcəssümüdür. Bu, bütün türk dünyasının problemidir və buna görə də Türkiyə azərbaycanlıların ermənilər tərəfindən soyqırıma məruz qalması məsələsində həmişə Azərbaycanla eyni mövqeyi tutur. Bir sıra tarixi faktlara nəzər salan Zeki Öztürk, faciə qurbanlarının əziz xatirəsini ehtiramla yad etdiyini bildirib, bütün şəhidlərə Allahdan rəhmət diləyib.

Elmi-praktik konfransın davamında “31 Mart soyqırımının Azərbaycan ədəbiyyatında əks sədası”, “31 Mart soyqırımı insanlığa qarşı törədilmiş cinayətdir”, “Ermənilərin soyqırım siyasətinin tarixi kökləri”, “Azərbaycanlıların soyqırımına hüquqi-siyasi qiymət verilməsi” və “31 mart soyqırımı bəşər tarixində ən qanlı faciələrdən biridir” mövzularında məruzələr dinlənilib.

Yekunda Gəncə Şəhər İcra Hakimiyyəti və AMEA-nın Gəncə bölməsinin birgə təşkilatçılığı ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş elmi-praktik konfrans iştirakçıları adından bəyanat səsləndirilib. Konfrans iştirakçılarının təklif edəcəyi əlavə və dəyişikliklər nəzərə alınaraq, Bəyanat qəbul ediləcək və ictimaiyətə təqdim olunacaqdır.

Şənbə gününün havası açıqlandı

Şənbə gününün havası açıqlandı

Azərbaycanda aprelin 2-də gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.

Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 7-10° isti, gündüz 15-19° isti, Bakıda gecə 8-10° isti, gündüz 16-18° isti olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz hava müşahidə olunacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-11° isti, gündüz 24-29° isti, dağlarda gecə 1-6° isti, gündüz 12-17° isti olacaq.

Azərbaycanda daha 6 faydalı qazıntı yatağı hərraca çıxarılır

Azərbaycanda daha 6 faydalı qazıntı yatağı hərraca çıxarılır

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) Hərracların Təşkili Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi ilə birlikdə mayın 4-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti açıq hərrac keçirəcək.

Bu barədə YAZTV-yə ƏMDX-dan bildirilib.

Məlumata görə, Bakının Qaradağ rayonunda yerləşən “Kotal” (7 ha), “Güzdək” (2,87 ha), “Karvansaray” (4,5 ha), “Sahil” (3,1 ha), Qəbələ rayonunda yerləşən “Dəmiraparançay” (2 ha) və “Xırxatala” (6 ha) faydalı qazıntı yataqları hərraca çıxarılacaq.

İddiaçılar sənədləri 27 aprel 2022-ci il saat 16:00-a qədər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 31 ünvanına təqdim edə bilərlər.

Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər. Proses ƏMDX-nın Əmlak Xidmətləri Məkanında baş tutacaq.

Peyvənd olunanların sayı açıqlanıb

Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus əleyhinə 14 612 vaksin vurulub.

Bu barədə  Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 994, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 483, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 11 415, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 720 nəfərdir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 456 322, birinci doza peyvəndlərin ümumi sayı 5 324 386, ikinci doza vaksinlərin sayı 4 824 633 təşkil edib.

Üç və daha çox doza vaksinlərin sayı 3 078 608, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 228 695 olub.

Nazirlikdən əhaliyə VACİB XƏBƏRDARLIQ: bu gün...

Nazirlikdən əhaliyə VACİB XƏBƏRDARLIQ: bu gün...

Aprelin 1-də cənub-qərb istiqamətli hava axınları vasitəsilə Afrika səhralarında formalaşan toz kütlələrinin ölkə ərazisinə daxil olacağı gözlənilir.

YAZTV  xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova bildirib.

O qeyd edib ki, peyk görüntülərindən əldə olunan məlumata görə, respublika ərazisində, əsasən də regionlarda havada toz hissəciklərinin miqdarının normadan artıq olacağı ehtimal olunur.

G.Abbasovanın sözlərinə görə, toz dumanının davam etmə müddəti və havanın çirklənmə səviyyəsi barədə əlavə məlumat veriləcək.

Naxçıvanda məktəbin uçması nəticəsində ölən şəxslərin sayı 4-a çatıb - RƏSMİ

Naxçıvanda məktəbin uçması nəticəsində ölən şəxslərin sayı 4-a çatıb - RƏSMİ

Naxçıvanda məktəbin uçması nəticəsində ölən şəxslərin sayı 4-a çatıb.

Bu barədə YAZTV-yə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 31-i saat 12 radələrində Naxçıvan Muxtar Respublikasının Babək rayonu, Nehrəm qəsəbəsi, 3 saylı tam orta məktəbdə aparılan yenidənqurma işləri ilə əlaqədar binanın bir hissəsinin uçması nəticəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Babək rayon idarəsində fəhlə işləyən üç nəfər şəxs hadisə yerində ölüb, bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Vurğulanıb ki, axtarış-xilasetmə tədbirləri nəticəsində dağıntılar içərisində daha bir nəfərin cəsədi aşkar edilərək çıxarılıb.

Həlak olan şəxslər:

2000-ci il təvəllüdlü Qadir Süleymanov,

1972-ci il təvəllüdlü Həsən Əliyev,

1961-ci il təvəllüdlü İbrahim Məhərrəmov,

1988-ci il təvəllüdlü Asəf Rüstəmov.

Xəsarət alan şəxs:

1996-cı il təvəllüdlü Alı Əliyev.

"Hazırda Babək Rayon Prokurorluğunda araşdırma davam etdirilir. İctimaiyyətə əlavə məlumat veriləcək", - məlumatda vurğulanıb.

Azərbaycanda daha 56 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

Azərbaycanda daha 56 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 56 yeni yoluxma faktı qeydə alınıb, 24 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 791 932 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781 889 nəfər müalicə olunaraq sağalıb, 9 692 nəfər vəfat edib. 351 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 489, bu günə qədər isə ümumilikdə 6 701 673 test icra olunub.

Azərbaycanlıların soyqrımı günü ilə bağlı dəyirmi masa keçirildi

Azərbaycanlıların soyqrımı günü ilə bağlı dəyirmi masa keçirildi

Naftalan şəhər Gənclər və İdman idarəsində 31 Mart - Azərbaycanlıların soyqrımı günü ilə bağlı dəyirmi masa keçirildi

Naftalan şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş “Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı: keçmişdə və müasir dövrdə” mövzusunda “dəyirmi masa” təşkil olundu. Öncə soyqırıma məruz qalmış günahsız qurbanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş nitqi ilə açan idarə rəisi Samir Qocayev bildirdi ki, xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə aparılan etnik təmizləmə, soyqırımı və təcavüzkar siyasət Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. O, qeyd etdi ki, ermənilərin azərbaycanlılara qarşı bütün dövrlərdə törətdikləri soyqırımına ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə siyasi qiymət verilib, martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib, 18 yanvar 2018-ci il tarixdə isə Prezident İlham Əliyev 1918-ci il 31 Mart – Azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Sərəncam imzalayıb.

Daha sonra çıxış edən UGİM-in direktoru Sənan Axundov bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən 2020-ci il sentyabr ayının 27-də başlayan və 44 gün davam edən Vətən Müharibəsində 30 illik işğal altında olan əzəli torpaqlarımız azad olunub, Azərbaycanın ərazi bütövlüyü təmin edilib, erməni millətçiliyinə, onun şovinist soyqırım siyasətinə sarsıdıcı zərbə vurulub, tarixi qələbəmizlə erməni faşizminin təhlükəli və çirkin ideologiyası məhv edilib. Bu gün xalqımız məğrur və qalib xalq kimi soyqırımlar tarixini dəyişən şanlı Zəfərimizin ruhu ilə yaşayır.

Tədbirdə Azərbaycanlıların soyqırımı ilə bağlı tarixi araşdırmalar və digər çıxışlar dinlənildi, fikir mübadiləsi aparıldı.

Azərbaycanlıların soyqırımının 104-cü ildönümü münasibətilə əlil futbolçular arasında yoldaşlıq görüşü keçirilib

Azərbaycanlıların soyqırımının 104-cü ildönümü münasibətilə əlil futbolçular arasında yoldaşlıq görüşü keçirilib

Martın 31-də Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında Azərbaycanlıların soyqırımının 104-cü ildönümü münasibətilə əlil futbolçular arasında yoldaşlıq görüşü keçirilib. Soyqırım qurbanlarının xatirəsini yad etmək məqsədilə təşkil edilən oyunu gənclər və idman naziri Fərid Qayıbov və müavini Mariana Vasileva da izləyiblər.

“Qarabağ - əlil döyüşçülər” Futbol Federasiyasının prezidenti Rövşən Quliyev qurumun fəaliyyəti barədə nazirə məlumat verib. Bildirilib ki, federasiya yarandığı gündən bir neçə dəfə Avropada ölkəmizi uğurla təmsil edib. Eləcə də, federasiya mayın 20-dən 22-dək Polşanın Krakov şəhərində 8 ölkənin iştirakı ilə keçiriləcək “Avro Liqa”ya vəsiqə qazanıb.

Baş Prokurorluq Naxçıvanda məktəbin uçması ilə bağlı məlumat yayıb

Baş Prokurorluq Naxçıvanda məktəbin uçması ilə bağlı məlumat yayıb

Baş Prokurorluq Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm qəsəbəsi 3 saylı tam orta məktəbin uçması ilə bağlı məlumat yayıb.

Qurumun Mətbuat Xidmətindən YAZTV-yə daxil olan məlumatda deyilir:

"Martın 31-i saat 12 radələrində Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm qəsəbəsi 3 saylı tam orta məktəbində aparılan yenidənqurma işləri ilə əlaqədar binanın bir hissəsinin uçması nəticəsində Dövlət Şəhərsalma və Arxitektura komitəsinin Babək rayon idarəsində fəhlə işləyən üç nəfər şəxs hadisə yerində ölüb, bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Hazırda Babək Rayon Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilir və digər zəruri istintaq hərəkətlər icra edilir.

Araşdırmanın gedişatı barədə əlavə məlumat veriləcəkdir".

"Eyni zamanda, bəzi media səhifələrində qeyd edilən məktəbdə bədbəxt hadisə nəticəsində 20-dən çox şəxsin ölməsi və çoxlu sayda yaralıların olması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılmışdır. Həmin məlumatlar tərəfimizdən təkzib olunmaqla media nümayəndələrindən rəsmi qurumla dəqiqləşdirilməmiş məlumatların yayılmaması bir daha xahiş olunur", - məlumatda qeyd edilib.